673c471a1ef3d202411240650
Müharibə başlayan kimi vətənə qayıdan, ağır yaralansa da, yenidən döyüşlərə qatılan komandir - Rəsul Ağakişiyevin həyatı
Qəhrəmanlığı ilə müasir gənclərimizə örnək olan şəhid döyüşçülərimizdən biri də kapitan Rəsul Ağakişiyevdir.  

Panarama.az bildirir ki, kapitan Rəsul Qələndər oğlu Ağakişiyev 1960-cı il sentyabr ayının 30-da Goranboy rayonunun Qara Süleymanlı kəndində anadan olub. Rəsul orta təhsilini 1967-1977-ci illərdə Goranboy rayonundakı 2 saylı məktəbdə almışdır. On dörd yaşında atasını itirən R.Ağakişiyev ailənin dolanışığı çətin olduğuna görə, məktəbi bitirdikdən sonra Goranboy rayonunda kino-mexanik işləyib.   

1979-cu ildə R.Ağakişiyev hərbi xidmətə çağırılıb. O, iki il Sovet Ordusunun İrkutsk vilayətində yerləşən hərbi hissələrindən birində həqiqi hərbi xidmətdə olmuşdur. 1981-ci ildə isə doğma Vətəninə qayıdaraq, Gəncədəki hava-desant qüvvələrində xidmətə başlamışdı. Qulluq etdiyi dövrlərdə Rəsul 103 dəfə, yəni təyin olunmuş normadan çox paraşütdən atılmışdı. Peşəsini daha da təkmilləşdirmək məqsədi ilə Litvanın Kaunas şəhərinə ezam olunmuş və burada 6 aylıq xüsusi kurs keçmişdi. 1983-cü ildə isə Leninqrad şəhərindəki (indiki Sankt-Peterburq - A.Ə.) «Komsomolun 50 illiyi» adına Ali Hərbi Siyasi məktəbə qəbul olmuş, 1987-ci ildə bu təhsil ocağını müvəffəqiyyətlə başa vuraraq SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında bir sıra vəzifələrdə xidmətini davam etdirmişdi.   Torpaqlarımız bədnam qonşularımız tərəfindən işğala məruz qaldığı bir dövrdə kapitan R.Ağakişiyev canından çox sevdiyi Vətəninin müdafiəsində iştirak etmək və düşmənə layiq olduğu dərsi vermək üçün könüllü olaraq Azərbaycana qayıtmışdır.  

Mərhumun həyat yoldaşı, Daxili Qoşunların veteran hərbi qulluqçusu, ehtiyatda olan gizir Təranə Ağakişiyevanın Rəsulun doğma yurduna qayıdışı barədə söylədiyi fikirlər bunu bir daha sübut edir:
 "O zamanlar ölkəmizdə baş verən hadisələr hər bir qeyrətli Vətən oğulu kimi Rəsulu da bərk narahat edirdi. Ermənilərin həmvətənlərimizə qarşı törətdikləri vəhşiliklərə dözə bilməyən Rəsul Azərbaycana göndərilməsi üçün raport yazır. Onu bu fikrindən döndərmək istəyənlərə isə cavabı belə olur: «Azərbaycana peşəkar hərbçi kimi mən indi lazımam. Vətənimin mənim kimi oğullara ehtiyacı var. İndi getməsəm, müharibədən sonra “mən də Azərbaycanlıyam” - deyib Vətənə necə qayıdaram?».  Rəsul 1991-ci ilin dekabrında Vətənə qayıdır.  

T.Ağakişiyeva həmçinin Rəsulun çox ailəcanlı, mehriban və qayğıkeş bir insan olduğunu deyir:
"İlk baxışdan çox tünd xasiyyətli bir insan olduğu görsənərdi. Lakin onunla bircə gün yoldaşlıq edən hər bir adam başa düşürdü ki, Rəsul nə qədər zarafatcıl və deyib-gülən adamdır. İki övladı var. Oğlu Rafael və sevimli qızı Bənövşə. Anasını çox sevirdi. Hər kəlməsi Rəsul üçün hökm idi. Elə buna görə də Ana Vətənin müdafiəsinə ilk qalxanlardan oldu".   Kapitan R.Ağakişiyev tezliklə Gəncədəki hərbi polis taboruna (indiki 17072 saylı hərbi hissəyə - A.Ə.) qərargah rəisi təyin olunur (1992-ci ilin sentyabr ayından isə tabor komandiri) və bir müddət sonra döyüş əməliyyatlarında iştirak edir. Son dərəcə qayğıkeş olduğuna görə şəxsi heyətin dərin rəğbətini qazanır.   Vaxtı ilə kapitan R.Ağakişiyevin tabeliyində sıravi döyüşçü kimi xidmət etmiş, hazırda DQBİ-nin Qərargahında zabit kimi xidmətini davam etdirən kapitan Vüqar Abbasovun cəsur komandiri barədə söylədiyi fikirlər buna bariz nümunədir:"Kapitan R.Ağakişiyev mənim yaddaşımda olduqca qayğıkeş bir komandir kimi qalıb. O, postlarda döyüş növbəsi aparan əsgərlərə tez-tez baş çəkirdi. Onların problemləri ilə yaxından maraqlanır və hər birinin qayğısına qalırdı. Əsgərlərlə döyüş ruhu aşılayan vətənpərvərlik mövzusunda maraqlı söhbətlər edirdi. Bu isə döyüşən şəxsi heyətdə, xüsusilə də o zamanlar sıralarımıza yeni qatılan gənc əsgərlərdə böyük ruh yüksəkliyi yaradırdı. Ona görə də bütün əsgərlər kapitan R.Ağakişiyevi qayğıkeş bir komandir kimi sevir və hörmət edirdi".   Vaqif Nəsibovun «Əsgər» qəzetinin 31 iyul 1995-ci il tarixli sayında kapitan R.Ağakişiyevə həsr etdiyi «O, əsl vətənpərvər idi...» başlıqlı məqaləsində də onun komandir kimi müsbət keyfiyyətləri öz əksini tapıb.   Müəllif məqaləsində kapitan R.Ağakişiyev ilə 1992-ci ilin oktyabrında qanlı-qadalı döyüş meydanlarından birində tanış olduğunu bildirir:
"...O, elə ilk görüşdən məndə yüksək təəssürat oyatmışdı. Hərbi texnikanı, döyüşün bütün sirlərini dərindən bilirdi. Bir sözlə, əsl hərbçi idi. Kapitan R.Ağakişiyevin başçılıq etdiyi ikinci tabor Qarabağın bir çox yaşayış məntəqələrinin, mühüm strateji əhəmiyyətli yüksəkliklərin azad olunmasında böyük şücaət göstərmişdir. R.Ağakişiyev bölgədəki ən ağır, çətin döyüşlərdə iştirak etmiş, təpədən dırnağa silahlanmış azğın düşmənin qarşısından bir addım da geri çəkilməmişdir. Hətta bir neçə dəfə ağır yaralansa da, qısamüddətli müalicədən sonra yenidən silaha sarılmış (1992-ci il sentyabrın 19-da başından qəlpə yarası almış və Ağdərə hərbi qospitalında 3 gün yatdıqdan sonra, həkimlərin təkidinə baxmayaraq döyüşə qayıtmışdı – A.Ə), bir sıra uğurlu əməliyyatlara başçılıq etmişdir. O, döyüş vaxtı nə qədər sərt və ciddi olsa da, adi günlərdə son dərəcə sadə, mülayim, səmimi, qayğıkeş və mehriban adam idi. Əsgərləri çox sevir, özündən çox onların taleyini düşünürdü. Bacarıqlı və təcrübəli bir komandir kimi əsgərlərin döyüş əzmini və əhval-ruhiyyəsini yüksəltməyə çalışırdı".  Kapitan R.Ağakişiyevin döyüş yolu qəhrəmanlıqlarla zəngin olmuşdur. Kəlbəcər və Ağdərə rayonlarının müdafiəsi uğrunda gedən döyüşlərdə, həmçinin, Narışdar, Aterk, Qaragöl, Drambom, Mehmanə, Kaçaqot, Poqasamer, Çıldıran kəndlərinin və bir çox strateji əhəmiyyətli yüksəkliklərin azad edilməsində bacarıqlı komandir kimi fəal iştirak edib.   

19 noyabr 1992-ci il. Sırxavənd kəndi uğrunda gedən qanlı döyüş kapitan R.Ağakişiyevin son döyüşü oldu...   

Əlverişli coğrafi mövqeyi və hərbi strateji əhəmiyyət kəsb edən Sırxavənd kəndi uğrunda ağır döyüşlər gedirdi. Bu döyüşdə düşmən qüvvələri tərəfindən müasir hərbi texnika ilə silahlanmış muzdlu yaraqlılar da vuruşurdular. Bütün bunlara baxmayaraq kapitan R.Ağakişiyevin komandiri olduğu tabor düşməni darmadağın etdi. Xeyli itki verən daşnaklar qaçmağa üz tutdular. Lakin bu döyüşdə şəhid olanlar arasında kapitan R.Ağakişiyev də vardı...   

Başından güllə yarası almışdı. Komandirlərinin itkisi ilə heç cürə barışmayan əsgərlər intiqam hissi ilə düşmən üzərinə hücuma keçərək Sırxavənd kəndini düşməndən azad etmişlər.  

Vətənin qəhrəman oğlu R.Ağakişiyev Goranboy rayonunun Rəhimli kəndində dəfn edilib.   

Kapitan R.Ağakişiyev respublikamızın ərazi bütövlüyünün təmin edilməsində, hərbi borcunu, xidməti vəzifələrini, xüsusi tapşırıqları yerinə yetirərkən fərqləndiyinə və cəsarət göstərdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 06.05.2005-ci il tarixli müvafiq sərəncamına əsasən, «İgidliyə görə» medalı ilə (ölümündən sonra) təltif olunub.   

Goranboy rayonundakı internat məktəbinə şəhid R.Ağakişiyevin adı verilib.   

Böyük fəxr hissi ilə qeyd edə bilərik ki, şəhid kapitan R.Ağakişiyevin oğlu Rafael Ağakişiyev bu gün Daxili Qoşunların sıralarında zabit kimi atasının şərəfli peşəsini layiqincə davam etdirir.
Ana Vətənin keşiyində mətin dayanaraq, canını müqəddəs torpaqlarımız uğrunda qurban verən kapitan Rəsul Ağakişiyev kimi igid, qəhrəman oğullarımızın şərəfli ömür yolu bugünkü gənc və yeniyetmələrimiz üçün əsl örnəkdir.   

Allah şəhidlərimizə rəhmət eləsin!

(Azerforum.com)
19.11.2024 12:04
100

(MGID): :
OXŞAR XƏBƏRLƏR