Panarama.az bildirir ki, kapitan Rəsul Qələndər oğlu Ağakişiyev 1960-cı il sentyabr ayının 30-da Goranboy rayonunun Qara Süleymanlı kəndində anadan olub. Rəsul orta təhsilini 1967-1977-ci illərdə Goranboy rayonundakı 2 saylı məktəbdə almışdır. On dörd yaşında atasını itirən R.Ağakişiyev ailənin dolanışığı çətin olduğuna görə, məktəbi bitirdikdən sonra Goranboy rayonunda kino-mexanik işləyib.
1979-cu ildə R.Ağakişiyev hərbi xidmətə çağırılıb. O, iki il Sovet Ordusunun İrkutsk vilayətində yerləşən hərbi hissələrindən birində həqiqi hərbi xidmətdə olmuşdur. 1981-ci ildə isə doğma Vətəninə qayıdaraq, Gəncədəki hava-desant qüvvələrində xidmətə başlamışdı. Qulluq etdiyi dövrlərdə Rəsul 103 dəfə, yəni təyin olunmuş normadan çox paraşütdən atılmışdı. Peşəsini daha da təkmilləşdirmək məqsədi ilə Litvanın Kaunas şəhərinə ezam olunmuş və burada 6 aylıq xüsusi kurs keçmişdi. 1983-cü ildə isə Leninqrad şəhərindəki (indiki Sankt-Peterburq - A.Ə.) «Komsomolun 50 illiyi» adına Ali Hərbi Siyasi məktəbə qəbul olmuş, 1987-ci ildə bu təhsil ocağını müvəffəqiyyətlə başa vuraraq SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında bir sıra vəzifələrdə xidmətini davam etdirmişdi. Torpaqlarımız bədnam qonşularımız tərəfindən işğala məruz qaldığı bir dövrdə kapitan R.Ağakişiyev canından çox sevdiyi Vətəninin müdafiəsində iştirak etmək və düşmənə layiq olduğu dərsi vermək üçün könüllü olaraq Azərbaycana qayıtmışdır.
Mərhumun həyat yoldaşı, Daxili Qoşunların veteran hərbi qulluqçusu, ehtiyatda olan gizir Təranə Ağakişiyevanın Rəsulun doğma yurduna qayıdışı barədə söylədiyi fikirlər bunu bir daha sübut edir:
"O zamanlar ölkəmizdə baş verən hadisələr hər bir qeyrətli Vətən oğulu kimi Rəsulu da bərk narahat edirdi. Ermənilərin həmvətənlərimizə qarşı törətdikləri vəhşiliklərə dözə bilməyən Rəsul Azərbaycana göndərilməsi üçün raport yazır. Onu bu fikrindən döndərmək istəyənlərə isə cavabı belə olur: «Azərbaycana peşəkar hərbçi kimi mən indi lazımam. Vətənimin mənim kimi oğullara ehtiyacı var. İndi getməsəm, müharibədən sonra “mən də Azərbaycanlıyam” - deyib Vətənə necə qayıdaram?». Rəsul 1991-ci ilin dekabrında Vətənə qayıdır.
19 noyabr 1992-ci il. Sırxavənd kəndi uğrunda gedən qanlı döyüş kapitan R.Ağakişiyevin son döyüşü oldu...
Əlverişli coğrafi mövqeyi və hərbi strateji əhəmiyyət kəsb edən Sırxavənd kəndi uğrunda ağır döyüşlər gedirdi. Bu döyüşdə düşmən qüvvələri tərəfindən müasir hərbi texnika ilə silahlanmış muzdlu yaraqlılar da vuruşurdular. Bütün bunlara baxmayaraq kapitan R.Ağakişiyevin komandiri olduğu tabor düşməni darmadağın etdi. Xeyli itki verən daşnaklar qaçmağa üz tutdular. Lakin bu döyüşdə şəhid olanlar arasında kapitan R.Ağakişiyev də vardı...
Başından güllə yarası almışdı. Komandirlərinin itkisi ilə heç cürə barışmayan əsgərlər intiqam hissi ilə düşmən üzərinə hücuma keçərək Sırxavənd kəndini düşməndən azad etmişlər.
Vətənin qəhrəman oğlu R.Ağakişiyev Goranboy rayonunun Rəhimli kəndində dəfn edilib.
Kapitan R.Ağakişiyev respublikamızın ərazi bütövlüyünün təmin edilməsində, hərbi borcunu, xidməti vəzifələrini, xüsusi tapşırıqları yerinə yetirərkən fərqləndiyinə və cəsarət göstərdiyinə görə Azərbaycan Respublikası Prezidentinin 06.05.2005-ci il tarixli müvafiq sərəncamına əsasən, «İgidliyə görə» medalı ilə (ölümündən sonra) təltif olunub.
Goranboy rayonundakı internat məktəbinə şəhid R.Ağakişiyevin adı verilib.
Böyük fəxr hissi ilə qeyd edə bilərik ki, şəhid kapitan R.Ağakişiyevin oğlu Rafael Ağakişiyev bu gün Daxili Qoşunların sıralarında zabit kimi atasının şərəfli peşəsini layiqincə davam etdirir.
Ana Vətənin keşiyində mətin dayanaraq, canını müqəddəs torpaqlarımız uğrunda qurban verən kapitan Rəsul Ağakişiyev kimi igid, qəhrəman oğullarımızın şərəfli ömür yolu bugünkü gənc və yeniyetmələrimiz üçün əsl örnəkdir.
Allah şəhidlərimizə rəhmət eləsin!
(Azerforum.com)