Ölkənin əsas ulduzu Aygün Kazımovanın Naxçıvan konserti baş tutub.
Panarama.az axşam.az-a istinadən xəbər verir ki, Naxçıvanda ilk dəfə keçirilən "Snowfest-Qış festivalı"nın ilk qonağı məhz Xalq artisti olub.
Heydər Əliyev Muzeyinin qarşısında baş tutan festivalın açılış tədbirində 20 minə yaxın insan Pop divanı izləmək üçün meydana toplaşıb.
Kazımova 2 saata yaxın naxçıvanlılara musiqi dolu anlar yaşadıb. Müğənni 20-dən çox mahnısını rəqqasların müşayiəti ilə səsləndirib.
Aygün Kazımova tamaşaçılarla söhbəti ilə də yadda qalıb: "Dədə-baba yurdum Naxçıvanda sizlərin qarşısına çıxdığım üçün çox sevinirəm. Bu dəfə tam fərqli, daha da işıqlanan bir Naxçıvan görürük. Canlanan, günü-gündən çiçəklənən Naxçıvan. Dədə-baba yurdumda dəfələrlə konsertim olub, gözəl keçib. Amma bu dəfə tamam başqa Naxçıvan gördüm. Tamaşaçılarımız da daha mehriban və coşquludur".
"Parol", Vəfasızlar", "Çalxala", "Qoy işığı söndürüm", "Qorxuram" kimi hitlərini səsləndirən müğənni gecənin sonunda "Azərbaycan" mahnısını ifa edib.