6572ff0699b3d202312233326
Nənəsi öldü, 2 il pensiyasını alıb xərclədi
Lənkəranda 91 yaşlı nənəsinin ölümünü 2 il gizlədib, pensiyasını alan nəvəyə hökm oxunub. 
Panarama.az bildirir ki, Qaynarinfo-nun məlumatına görə, 7 fevral 2021-ci il tarixində 1932-ci il təvəllüdlü Rəvayət Miriyeva koronavirus infeksiyasından dünyasını dəyişib. 
Elə həmin il koronavirus infeksiyasının yayılması ilə bağlı ölkə ərazisində, o cümlədən Lənkəran rayonunda karantin rejimi tətbiq edildiyinə görə Rəvayət Miriyeva üçün yas mərasimi təşkil edilməyib və mərhum Böyük Bazar qəbirstanlığında dəfn olunub. Rəvayət Miriyevanın nəvəsi Niyaz Miriyev onun pensiya kartını özünə məxsus "VAZ 2107" markalı avtomobilində saxlayıb və ölümü haqqında müvafiq qurumlardan şəhadətnamə almayıb. Niyaz Miriyev elə həmin tarixdən 2023-cü ilin fevral ayınadək nənəsinin aylıq 280 manat pensiyasını kartdan çıxararaq, öz şəxsi ehtiyaclarına xərcləyib.
Niyaz Miriyev 2023-cü ilin mart ayında Lənkəran şəhər bələdiyyəsindən və Lənkəran Ailə Sağlamlıq Mərkəzindən nənəsinin guya 6 mart 2023-cü il tarixində ölməsi "faktını" qeyd etdirərək, saxta arayış alıb. İşin üstü açıldıqdan sonra onun barəsində Cinayət Məcəlləsinin 179.2.4 və 320.2-ci maddələri ilə cinayət işi açılıb və baxılması üçün məhkəməyə göndərilib. 
Niyaz Miriyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə dəyimiş zərəri ödədiyindən məhkəmə onun barəsində Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə olan işə xitam verib. Əvəzində Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilib və aylıq qazancından dövlət nəfinə 20 faiz məbləğdə pul tutulmaqla bir il müddətə islah işləri cəzasına məhkum edib.
08.12.2023 15:32
365

(MGID): :
OXŞAR XƏBƏRLƏR