Onlayn alış-verişin genişləndiyi indiki dövrdə bəzən insanlar dərmanları da internet üzərindən sifariş verirlər. Bu isə bəzi hallarda əldə edilən dərman preparatalarının keyfiyyətsiz, saxta olması ilə əlaqədar şikayətlərin artmasına səbəb olur.
Zamana və cüzi qiymət fərqi ilə maddi vəsaitə qənaət etmək istəyən vətəndaşlar bu şəkildə aldadanmamaq və problem yaşamamaq üçün nə etməlidirlər?
Panarama.az bildirir ki, məsələ ilə bağlı Sfera.az-a açıqlama verən əczaçı Səbinə Babayeva internet vasitəsilə satılan dərmanların saxta çıxmaq ehtimalının yüksək olduğunu deyib:
"Xüsusilə iş saatları ərzində aptekə gedə bilməyən xəstələr, sağlamlıq vəziyyətini ailələrinə açıqlamaq istəməyənlər dərmanları internet vasitəsilə almağa üstünlük verirlər. Dərmanlar bu sahə üzrə ixtisaslaşmayan yerlərdən və ya insanlardan deyil, əczaçı nəzarəti altında apteklərdən alınmalıdır. İnternetdən dərman alarkən saxtasına rast gəlmək riski yüksəkdir. Hazırda bu sahədə onlayn bazarı izləmək, ciddi nəzarət mexanizmi tətbiq etmək daha çətindir. Dərmanın saxta ola biləcəyi ilə bağlı bir neçə əlamətə diqqət yetirmək vacibdir. Adətən keyfiyyətsiz, saxta dərmanların qablaşdırılmasında qüsurlar olur. Belə ki, dərmanların üzərindəki məlumatlandırıcı qeydlər zəif yapışdırılmış olur. Onların üzərində ştrix kod yazılmamış olur və mətn zəif şəkildə çap olunur".
Saxta dərman qəbulunun yüksək risk yaratdığını deyən S.Babayevanın sözlərinə görə, xüsusilə onlayn qaydada arıqlama dərmanları sifariş edənlər ciddi problemlər yaşayır:
"Arıqlama dərmanları saxta dərmanlar arasında liderdir. Mənbəyi, istehsalçısı və saxlanma şəraiti şübhə doğuran bu məhsulların satışı insanların sağlamlığı üçün böyük risklər yaradır. Saxta dərmanlar müalicənin uğursuzluğuna, uzun müddət davam edən xəstəliyə, yoluxucu xəstəliklərin artmasına, gözlənilməz yan təsirlərin yaranmasına, zəhərlənmələrə, əlilliyə və hətta ölümə səbəb ola bilər. Buna görə də maksimum şəkildə onlayn qaydada dərman almaqdan çəkinmək lazımdır".