Keçmiş təhsil naziri Misir Mərdanov modern.az saytına geniş müsahibə verib.
Panarama.az qlobal.net-ə istinadən xəbər verir ki, müsahibədə maraqlı açıqlamalar verən keçmiş təhsil naziri Ermənistanın Baş naziri Nikol Paşinyanın əmisi və həmin dövrün hadisələri haqda xatirələrini bölüşüb.
Müsahibədən həmin hissəni təqdim edirik:
“Bizim rayonun Qalumyan soyadlı birinci katibi var idi. O, hazırkı baş nazir Nikol Paşinyanla bir kəndəndir. Paşinyanın əmisi bizim rayonun tanınmış həkimi idi. O, kəndin əhalisinin sağlamlığı ilə bağlı tədbirlərdə iştirak edib. Bir rayon idi, hamı onun yanına gedirdi. Səhv etmirəmsə, bu gün Qalumyanın ya oğlu, ya da qardaşı oğlu mənim doğulduğum bölgənin rəhbəridir.
Atam danışırdı ki, o vaxt Qalumyan Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin kənd təsərüfatı üzrə katibi idi. İrəvandan İcevana müşavirə keçirməyə gəlibmiş. Müşavirədən sonra yemək yeməyə gedəndə deyib ki, “mən çörəyi Cumayılın evində kəsəcəm”. Bilmirdik bu biclikdir, yoxsa Azərbaycan sevgisi…
Öz rayonumuzda və qonşu rayonlarda elə ciddi hadisələr olmuşdu ki, hamı gəlirdi atamın yanına ki, “sənin sözün İrəvanda keçir, bu məsələni həll et”. Atam bir də onu deyirdi ki, hər il aprel ayının 24-nə bir-iki gün qalmış rayondan ona zəng edirdilər ki, kənddə camaatın rayon mərkəzinə gəlməsinin qarşısını alsın. Atam ermənicə bilirdi. Danışıdı ki, bir dəfə ona bir kitab göstəriblər. Kitabı oxuyub və dəhşətə gəlib. Elə şeylər yazıblar ki, kitabı oxuyan adam türkə nifrət etməliymiş. Onlar bizə “türk” deyirdilər. Mənə də dəfələrlə deyirdilər ki, “yaxşı oğlansan, təəssüf ki, türksən”.