Marketlərin çörək rəfində olan problemlər bitib-tükənmək bilmir. İnsanlar çörəklərin üstü açıq şəkildə satılmasını gigyenik cəhətdən düzgün olmadığını dəfələrlə dilə gətirsə də, bununla bağlı heç bir tədbir görülmür.
Son dönəmlər isə şikayətçilər dietik yəni, qara çörək kimi satılan çörəklərin günlərlə rəfdə qaldığını nəticədə isə alındıqdan sonra qəribə dad verməsi və keyfiyyətsiz olmasına tez- tez rast gəldiklərini bildirirlər.
Pəhriz adı ilə satılan qara çörəklərin keyfiyyətinə nəzarət niyə yoxdur?
Panarama.az xəbər verir ki, Qida üzrə ekspert, restorator Məmməd Əhmədov Bizim.Media-ya açıqlamasında bildirib ki, çox zaman məhsulun tərkibi alıcının istəyinə uyğun olmur və bu halda da dietik adı ilə saxta görünüşlü məhsul satılır.
“Bu məsələdə ilk öncə istehlakçı özü maraqlı olmalıdır. Aldığı çörəyin keyfiyyətinə, buraxılış tarixinə, saxlanma müddətinə və tərkibinə baxmalıdır. Belə ki, dietik adlandırdığımız çörək, sırf kəpəkli çovdar unundan olmalıdır. Burada həmçinin karbohidrat və zülallarında tərkib dərəcələrinə fikir verilməlidir.”
Keyfiyyətsiz və vaxtı keçmiş çörəklərə görə zəhərlənmə, yaxud şikayət olarsa, mağaza rəhbərliyi buna cavabdehdir.
“Bununla bilavasitə mağaza, market rəhbərliyi məşğul olmalıdır. Onlar məhsullar üzərində mütəmadi tarix-kontrolların yoxlanılmasına nəzarət etməlidirlər.”
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə bildirib ki, Çörəyin saxlanma müddəti 72 saatdır.
“Tez sıradan çıxan çörəyin içərisində yapışqanlar əmələ gəlir, buna kartof xəstəliyi deyilir. Bu o deməkdir ki, dəyirman, avadanlıq və yaxud un artıq göbələklərlə xəstələnib. Bu cür çörək insanda ciddi mədə-bağırsaq xəstəliyi əmələ gətirə bilər. Vaxtilə Azərbaycana Almaniyadan xəmir gəlirdi və alman çörəyi adı altında satışa çıxarılırdı. Bu çörəklərə isə 1 il zəmanət təyin edilirdi. Biz onu dəyişdirməyə, bazardan çıxarmağa nail olduq, hazırda elə çörəklər demək olar ki yoxdur.”
Sonda ekspert qeyd edib ki, istənilən mağazada yararlılıq müddəti keçən çörək aşkar olunarsa, onları 100-1500 manat cərimə gözləyir.
“Ona görə də istehlakçılar diqqətli olmalı, belə bir halla rastlaşdıqları an 195 və yaxud 1003 Qida Təhlükəsizliyi agentliyinin qaynar xəttinə məlumat vermələrini tövsiyyə edirəm.”