Maştağada yerləşən 1 saylı Psixiatriya xəstəxanasında xəstə döyülüb.
Panarama.az Lent.az-a istinadla xəbər verir ki, bu barədə döyülən xəstənin oğlu video paylaşıb.
Onun sözlərinə görə, atasını orada döyüblər:
"Bir ağıllı çıxıb izah eləsin ki, gecə növbəsində bu hadisəni bir nəfər görüb, eşidən olmayıb? O qədər polis mühafizəsi, sıravi mühafizə, tibb bacıları, sanitarkalar, biri görmədi, eşitmədi?
Mən bu paylaşımı tək atama görə yox, hazırda orada olan, sabahsı gün yolu ora düşəcək olan hər kəs üçün edirəm.
İki gün əvvəl təcili yardımla ora aparıblar, orada da döyüblər. Həkim də bu səhər mənə yığır ki, gəl, atanın vəziyyəti pisdir, təcili yardım çağırmışıq gəlib aparmırlar, həkim deyir xəstə ölür, evə getsin. Belə şey olar?
Saat 17:00 kimi atam orada o vəziyyətdə qalıb, həkim müdaxiləsi olmayıb, oturub gözləmişik ki, kimsə gəlib atamı aparacaq.
Polisə də vaxtında məlumat vermişik, saat 10-11 arası gəldi, yazdı, getdi. Hələ də ekspertiza etməyiblər".
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov Lent.az-a bildirib ki, həmin şəxsin müalicə olunduğu xüsusi təyinatlı tibb müəssisəsində xəsarət alması ilə bağlı polisə məlumat daxil olub.
Məsələ ilə bağlı təhqiqat araşdırmaları aparılır.
Səhiyyə Nazirliyindən hələlik hadisəyə münasibət öyrənmək mümkün olmayıb.