Son illərin hesablamaları göstərir ki, ölkəmizdə evlənənlərin sayı azalıb, boşananlar isə əksinə, çoxalmağa doğru gedir. Cəmiyyətdə bu məsələyə münasibət birmənalı deyil. Bəziləri deyir ki, ailələrin dağılmasında televiziyalar, verilişlər, ora dəvət olunan məşhurlar günahkardır. Çoxları da gənclərin bir-birinə qarşı dözümsüz olduğunu, qızların isə ailə dağıtmağa meyl etdiyini iddia edir.
Müsahibimiz, tanınmış müğənni Akif İslamzadə isə problemin kökünün tamam fərqli istiqamətdə olduğunu qeyd edib.
Yenisabah.az-a mövzu ilə bağlı danışan ifaçı bildirib ki, bütün bunlar ailə institutunu zədələyir: “Qadınların hər sahədə - səhnədə, məktəblərdə, bütün peşələrdə sayının artması qiyamət əlaməti sayılır. Qiyamət əlamətlərinə nəzər salanda bunu açıq-aydın görmək mümkündür. Milli dövlətçiliyi dağıtmaq üçün atılan bəzi addımlar var. Burada qadınlardan istifadə edilir. Çünki qadınlar tez təsir altına düşür.
Əxlaqı pozmaq üçün isə ailə institutunu dağıtmaq lazımdır. Ailə institutu dağılandan sonra milli dövlətçiliyə də zərər dəyir”.
A.İslamzadə fikirlərinə belə davam edib: “Müsahibələrimin birində demişdim ki, qadınlara elm verilməyib. Onlar elmli deyil və buna görə də qadınlar kiməsə elm yox, məlumat ötürə bilərlər. Bu fikrimə qarşı çıxanlar oldu. Bildirdilər ki, nə qədər qadın professorlar, alimlər var. Mən dağdan şəhərə təzə gəlməmişəm ki, bütün bunları bilirəm. Lakin elmli olmaqla məlumatlı olmaq arasında fərq böyükdür. Qadınlar elmli yox, məlumatlıdırlar. Nobel mükafatı alan iki kişi və bir qadın “The Guardian” qəzetinə açıqlama veriblər. Bu zaman həmin mükafatı alan qadın bildirib ki, mən elmli yox, alim qadınam. Belə deməklə ən yaxşı cavabı o verib”.