Avropa Liqasındakı təmsilçimiz “Qarabağ” Finlandiyada da qələbə qazanmaqla HİK səddini uğurla keçdi.
Bununla da Konfrans Liqasının qrupunu təmin edən “köhlən atlar” Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq üçün bu dəfə Sloveniya təmsilçisi “Olimpiya”nı mübarizədən kənarlaşdırmalıdır.
“Qarabağ”ın rəqibinin maraqlı tarixçəsi var.
Klub 2005-ci ildə “NK Bejiqrad” adı altında yaradılıb və Sloveniyanın beşinci liqasında mübarizəyə qoşulub.
Hər il artan temp üzrə üst liqalara yüksələn Lublyana təmsilçisi 2009-2010 mövsümündə elitada çıxış edib. Və debüt ilindəcə dördüncü pilləyə sahib olaraq Avropa Liqasında iştirak imkanı qazanıb.
“Olimpiya” qısa müddətdə öz ölkəsində adından söz etdirməyi bacarıb. 18 ildə 3 çempionluq, 4 ölkə kuboku və 2 superkubok. “Drakonlar” sonuncu mövsümdə çempionluğu bayram edərək Çempionlar Liqasında mübarizəyə qoşulub.
Komanda avrokuboklarda indiyə qədər 46 görüşdə iştirak etməklə 17 qələbə qazanıb, 19 dəfə məğlub olub, 10 halda məğlubiyyət acısı yaşayıb.
İndiyə qədər bir dəfə də olsun qrup mərhələsinə yüksəlməyib. “Qarabağ”ı keçsələr Avropa Liqasının, “ilişsələr” Konfrans Liqasının həyəcanını yaşayacaqlar ki, bu, onlar üçün tarixi ilk olacaq.
“Olimpiya” yaxın keçmişdə Çempionlar Liqasında “Qarabağ”a rəqib olub. 2018-2019 mövsümündə bir nömrəli klub turnirinin birinci mərhələsində üz-üzə gələn komandalardan sonda gülən ağdamlılar olub.
Lublyanada 1:0 hesabı ilə qalib gələn Qurban Qurbanovun yetirmələri Bakıda qolsuz bərabərə qalmaqla mərhələ adlayıb.