676bd5180899e202412244912
Qazaxıstandakı təyyarə qəzasından sonra 14 Azərbaycan vətəndaşı sağ qalıb
 Qazaxıstanda baş vermiş təyyarə qəzasında AZAL-a məxsus təyyarənin göyərtəsində olan 14 Azərbaycan vətəndaşı sağ qalıb.

Panarama.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev məlumat verib.

"Göyərtədə 37 Azərbaycan vətəndaşı olub. Onlardan 23-ü həlak olub, 14-ü sağ qalıb. Təyyarədə, həmçinin 16 Rusiya vətəndaşı olub - 7-si həlak olub, 9-u sağ qalıb. Qırğızıstandan olan üç sərnişin isə sağ qalıb. Təəssüf ki, Qazaxıstandan olan altı sərnişinin hamısı həlak olub", - deyə Karabayev Aktauda keçirdiyi brifinqdə bildirib.


20:46


Qazaxıstanda AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində ekipaj üzvlərindən iki nəfər həlak olub.

Panarama.az "Sputnik"ə istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Nəqliyyat naziri Marat Karabayev brifinqdə məlumat verib.

Nazir bildirib ki, ekipaj heyətindən üç nəfər sağ qalıb və onların vəziyyəti ilə bağlı əlavə məlumat veriləcək.

Qeyd edək ki, hadisə ilə bağlı araşdırmalar davam etdirilir.


19:42


Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində 38 nəfər həlak olub.

Panarama.az "Tengrinews"a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan baş nazirinin müavini Kanat Bozumbayev məlumat verib.

"Vəziyyət o qədər də yaxşı deyil, 38 nəfər həlak olub", - Bozumbayev Aktauda Azərbaycan nümayəndə heyətinin üzvləri ilə görüşdə bildirib.


18:56

Aktauda baş vermiş təyyarə qəzasında xəsarət alaraq xəstəxanaya yerləşdirilən 29 nəfərdən 11-nin vəziyyəti ağırdır.

Panarama.az xəbər verir ki, bu barədə APA-ya Manqistau vilayətinin Səhiyyə Xidmətindən məlumat verilib.

Bildirilib ki, yerli tibb personalına dəstək göstərmək məqsədilə Astanadan xüsusi tibbi-sanitar təyyarə ilə Səhiyyə Nazirliyi yanında Fövqəladə Səhiyyə üzrə Milli Koordinasiya Mərkəzinin mobil briqadası göndərilib. Heyətdə iki reanimatoloq, dörd travmatoloq, bir neyrocərrah və yanıq üzrə mütəxəssis yer alıb.

Eyni zamanda, səhiyyə nazirinin müavini Timur Muratov müalicə prosesinə nəzarəti şəxsən öz üzərinə götürərək, yaralılardan bir neçəsini müayinə edib.

Bildirilib ki, Manqistau Uşaq Xəstəxanasında müalicə olunan iki azyaşlı üzərində cərrahiyyə əməliyyatı aparılacaq./oxu.az 



25.12.2024 21:39
233

(MGID): :
OXŞAR XƏBƏRLƏR