66c9b153974e7202408240923
Ramiz Rövşən div deyil, cırtdan olmağı seçdi – Seymur Baycandan sərt sözlər

Ramiz Rövşənin poeziyası, şeirlərindəki tərz, üslub, intonasiya haqqında heç nə deyə bilmərəm. Çünki poeziyadan o qədər də yaxşı başım çıxmır. Sevdiyim şairlər, şeirlər olsa da, bu sahədə özümü piyada hesab edirəm. Başım çıxmadığı sahə haqqında danışmağım, bu yaşda – saqqalımın ağardığı bir vaxtda başım çıxmadığı mövzuda ciddi-ciddi nəsə fikir bildirməyim axmaqlığa, ədalətsizliyə yol aça bilər.

Ramiz Rövşənin nəsri haqqında da geniş məlumata malik deyiləm. Nədənsə onun nəsrini oxumaq həvəsim və istəyim heç vaxt olmayıb. Tamamilə təsadüfən bir-iki hekayəsi ədəbiyyat saytlarında qarşıma çıxıb. Açıb orasına-burasına baxmışam. Mənə həddindən artıq zəif, zövqsüz, texnika, mövzu və mövzunun işlənməsi nöqteyi-nəzərindən olduqca nimdaş təsir bağışlayıb. O qədər zəif, zövqsüz, nimdaş təsir bağışlayıb ki, bir sual ətrafında düşünməyə başlamışam:

“Özünü ciddi, intellektual ədəbi fiqur hesab edən və cəmiyyətdə də bu cür qəbul olunan bir qələm adamı necə belə zəif, zövqsüz, nimdaş hekayə yaza bilər? Yazmağı bir tərəfə qalsın, bu zəif, zövqsüz, hər cəhətdən nimdaş hekayəni necə dövriyyəyə buraxıb, oxucuların müzakirəsinə vermək olar?”. 

Ramiz Rövşən poeziyasına gənclik illərimdə marağım olub. Minnət kimi başa düşülməsin, Ramiz Rövşən poeziyası bir növ özü mənim qarşıma çıxıb. Bir tanışım vardı. Ramiz Rövşən poeziyasının və personasının qatı azarkeşi idi. Şeirlərini əzbər bilirdi və münasib yerlərdə, münbit şərait yarananda Ramiz Rövşəndən mütləq şeirlər deyirdi. Ramiz Rövşəni müasir Azərbaycan ədəbiyyatında bir nömrəli şair kimi qəbul edirdi. Başqa söhbət ola bilməzdi. Hansısa əks bir arqumenti heç yaxına belə buraxmazdı.

O vaxtlar ölkə siyasi mövqe mənasında ikiyə bölünmüşdü. Ramiz Rövşən başqalarına nisbətən bizim üçün həm də bir köynək yaxın adam, bir köynək yaxın şair kimi qəbul olunurdu. Bizim düşərgənin adamı sayılırdı. Müxalifyönlü qəzetlərdə Ramiz Rövşən poeziyasına, personasına siyasətçilər, jurnalistlər, ziyalılar, sıravi partiya üzvləri tərəfindən daima ciddi və yüksək bir hörmət göstərilirdi. Bütün müxalifət qəzetlərinin qapısı Ramiz Rövşənin üzünə və poeziyasına taybatay açıq idi. Ramiz Rövşənin müsahibəsi, yazısı, şeiri bir qəzet üçün, necə deyim, prestij sayılırdı. Elə iqtidar düşərgəsi də Ramiz Rövşəni məşhur, ağır bir ədəbi fiqur kimi inkar etmirdi. İqtidar düşərgəsinin ziyalıları, poeziya vurğunları, şeir xiridarları da Ramiz Rövşənin şeirlərini əzbər bilirdilər. Onu müasir Azərbaycan ədəbiyyatında ciddi bir şair, intellektual bir ədəbi fiqur kimi qiymətləndirirdilər.

Bəli, fakt, həqiqət ortadadır. Nadir istisnaları çıxsaq, Ramiz Rövşən Azərbaycan cəmiyyəti, ədəbi ictimaiyyəti tərəfindən müasir Azərbaycan ədəbiyyatının ağır, ciddi bir şairi, intellektual ədəbi fiquru kimi tanınıb, tanınır, belə qəbul edilib, belə qəbul edilməkdədir. Bunu heç kim inkar edə bilməz. Ramiz Rövşəni sevməyən adamlar da bu faktı, bu həqiqəti qəbul etmək məcburiyyətindədirlər.

Deməyim odur ki, Ramiz Rövşən çörək, yoxsa mənlik, çörək, yoxsa ləyaqət, çörək, yoxsa azadlıq, aclıq, yoxsa həyat dilemması qarşısında qalmayıb. Belə bir vəziyyət onun üçün ümumiyyətlə, yaranmayıb, mövcud olmayıb. Müxalifətin ən yaxşı vaxtlarında müxalifətdə olub və qarşı tərəf də onu şair, ədəbi fiqur qəbul edib. Ta təfərrüatlara girmirəm, bilənlər nə demək istədiyimi bildi.

Asif Ata deyirdi ki, mən insanları imtinaları ilə tanıyıram. Yaxşı sözdür. İmtina etməyi bacarmayan, nəfsinə yiyəlik etməyən, nəfsinə cilov taxa bilməyən adam böyüyə bilməz. Qədim şərq mənbələrində nəfsi havayı yerə əfi ilana bənzətməyiblər. Lənətə gəlmiş nəfs nə qədər insanı cıqqılılaşdırıb, alçaldıb, cılızlaşdırıb, nə qədər insanı bir ziyalı, bir təfəkkür, bir istedad sahibi kimi bədbəxt edib. Nəfs – o əfi ilan nə qədər istedad sahiblərini çalıb, zəhərləyib. O əfi ilandan yayılan zəhər nə qədər istedad sahiblərinin şəxsiyyət kimi böyüməsinə, müdrikləşməsinə imkan verməyib. Nəfs istedadı, mənliyi, ləyaqəti boğub, məhv edib.

Doğrudan da, həyatın elə anları var ki, insan əldə etməklə deyil, imtina etməklə böyüyür. Ramiz Rövşən div ola bilərdi. Div olmaq üçün onun hər cür imkanı var idi. Amma o div olmağı deyil, cırtdan olmağı seçdi. Özü də könüllü seçdi. Dünya malına, xırda- xuruş şeylərə universal həqiqətlərdən daha çox qiymət verdi. Ədəbiyyat, əbədiyyət, həqiqət aşiqi kimi deyil, tipik bir bazar alverçisi kimi hərəkətlər elədi. Bu sadəcə dəhşətdir. Bir insanın div olmaq imkanı olduğu halda, o cırtdan olmağı seçir. Mənə maraqlıdır, görəsən, o öz faciəsini başa düşürmü? Nəyi nələrə dəyişdiyini bilirmi?

... Zövqüm, siyasi düşüncəm formalaşdıqca Ramiz Rövşənə qarşı məndə qəzəb yaranırdı. Bu qəzəb bəzən açıq nifrətə çevrilirdi. Onun "sovet bülbüllərini", ədəbi generalları, ədəbi nomenklaturanı daima təbliğ etməsini, qorumasını heç cür başa düşə və qəbul edə bilmirdim. Azadlıq, demokratiya carçısı "sovet bülbüllərini", ədəbi generalları, atalarının qucağında ədəbiyyata gələnləri necə müdafiə edə bilər? Azadlıq, demokratiya carçısının "sovet bülbüllərini", ədəbi nomenklaturanı qoruması, təbliğ etməsi heç bir məntiqə sığmır. Bu barədə yazılar yazırdım. Yazılar süngüylə qarşılanırdı. Xüsusən müxalifət düşərgəsinə aid şəxslər daha sərt reaksiyalar verirdilər. Bir növ öz düşərgələrinə aid fiquru, bütü tənqidlərdən qoruyurdular. Onların bütünə, demokratiya, azadlıq carçısına "daş atmaq" dəlilik, əclaflıq, savadsızlıq, xəyanətin kiçik forması, ən yaxşı, ən yumşaq halda, cavanlıq səhvi kimi qəbul edilirdi.

Məsələni qəlizləşdirən, adamları çaşdıran, çaş-baş salan məhz Ramiz Rövşənin azadlıq, demokratiya carçısı kimi tanınması, mitinqlərdə, müxtəlif yığıncaqlarda odlu-alovlu çıxışlar etməsi, müxtəlif məclislərdə azadlıq-zad haqqında bəlağətlə danışması, onun məşhur ədəbi fiqur, intellektual, gözəl şair kimi qəbul edilməsi idi.

Məhz bu sifətlərə görə Ramiz Rövşən ədəbiyyatın azad olmasına, müstəqilləşməsinə, azad, tənqidi düşüncəyə, tərəqqiyə, azadlığa, demokratiyaya başqalarından daha çox, daha ağır zərbə vurub. Ramiz Rövşən "sovet bülbüllərini", ədəbi nomenklaturanı, azad rəqabətin olmadığı vaxtlarda atalarının hesabına şair, yazıçı olanları, ədəbi generalları, parnik ziyalılarını başqalarından daha çox qoruyub və təbliğ edib. Leninə poema yazan Rəsul Rzaya, dövlətdən maliyyələşən Yazıçılar Birliyini öz şəxsi mülki kimi idarə edən Anara haqq qazandırıb və ən pisi də odur ki, bunu çox gözəl bacarıb. Ona inanan, onun poeziyasını, şeirlərini sevən adamları da öz məşhurluğundan, çəkisindən istifadə edərək pis, səhv yola çəkib. Yəni daha aydın desək, Ramiz Rövşən demokratiya, azadlıq carçısı kimi tanınsa da, öz məhşurluğundan, çəkisindən istifadə edərək mütləqqiyəti, sovet ənənələrin, sosrealizmi, senzuranı dəstəkləyib. Eyni missiyanı, lakeylərə müxtəlif yollarla, müxtəlif vasitələrlə lakeylik etmək missiyasını bu gün Cəmil Həsənli canla-başla və etiraf edim ki, çox uğurla yerinə yetirir.

Namaz qılan, oruc tutan, ziyarətlərə gedib Məşhədi, Kərbəlayı, Hacı titulu qazanan, bütün günü halaldan, haramdan danışan adamların pis əməlləri dinə nə qədər zərbə vurursa, demokratiya, azadlıq carçılarının parnik ziyalılarını, ədəbi nomenklaturanı qoruması, təbliğ etməsi də demokratiyaya, azadlığa, tərəqqiyə, azad düşüncəyə, ədəbiyyatın müstəqilləşməsinə, ədəbiyyatın inkişafına bir o qədər zərbə vurur.

Seymur Baycan

24.08.2024 14:07
255

(MGID): :
OXŞAR XƏBƏRLƏR