Son illər ölkədə repetitorluğun getdikcə daha böyük vüsət alması ümumtəhsil məktəbləri ilə bağlı mənfi rəy yaradır.
Bu gün cəmiyyətdə “kölgə təhsili”nin ənənəvi təhsili üstələməsi fikri sanki reallığa çevrilir. Hazırda şagirdlərin məktəbə getməsi sanki işçilərin “iş cədvəlinə imza atması” kimi qəbul edilir. Yəni şagirdlərin əksəriyyəti sadəcə orada olduğunu təsdiq etmək üçün məktəbə gedir. Təhsil almaq üçün isə günün ikinci yarısını repetitor yanında keçirməli olurlar.
Hətta repetitorluqla bağlı elm və təhsil naziri Emin Əmrullayev bildirmişdi ki, Azərbaycanda repetitor fəaliyyətinin ləğvi gündəm mövzusu deyil:
“Repetitor fəaliyyəti dünyanın heç bir yerində ləğv edilməyib. Hər bir insan övladını əlavə dərs üçün müəllim yanına qoya bilər. Yalnız sahibkarlıq fəaliyyəti kimi repetitorluğun hansısa iqtisadi yönləri tənzimlənə bilər. Gərək repetitorluğun necə olması ilə bağlı təkliflər də olsun ki, biz onu dəyərləndirək”.
Qeyd edək ki, son günlər sosial şəbəkələrdə repetitorların vergi məbləğinin artırılacağı müəllimlərin əsas müzakirə mövzusuna çevrilib. Bu gün ölkədə kifayət qədər repetitor var və onların demək olar ki, heç də hamısı vergi ödəmir.
Repetitorların vergi məbləği artırılacağı təqdirdə bu, şagirdlərdən alınan ödəniş məbləğinin artırılmasına gətirib çıxaracaqmı? Ümumilikdə vergi sistemi necə tənzimlənir?
Təhsil üzrə ekspert Kamran Əsədov Cebhe.info-ya bildirib ki, müəllimlik yalnız bilik vermək deyil, həm də nümunə olmaq, şəxsiyyət yetişdirməkdir:
“Fərqi yoxdur ki, o, auditoriyada, yaxud evdədir. Bu gün repetitorlar özlərini bəzən ən imkansız şəxs kimi təqdim edirlər. Bu, belə deyil. Azərbaycanda əgər kimsə gəlir əldə edirsə, mütləq bununla bağlı vergi verməlidir. Çünki həmin vətəndaşın yaşaması üçün dövlətin var olması vacibdir. Dövlətin var olması, gücü onun iqtisadiyyatında, gəlirlərindədir. Bu gün Azərbaycanda heç də sayı az olmayan repetitorlar var ki, ay ərzində 10-15 min manat, bəzən daha yüksək məbləğdə gəlir əldə edirlər.
Repetitorların bir qismi heç bir yerdə işləmirlər və onlar təqaüd yaşına çatanda dövlətdən təqaüd istəyəcəklər. Hazırda sadələşmiş vergi- VÖEN-lə çox aşağıdır. Yəni hər 100 manata cəmi 2 manat vergidir ki, bu çox böyük məbləğ deyil və repetitorların büdcəsinə elə də böyük təsir göstərməyəcək. Nəzərə alsaq ki, 3 aydan bir vergi verməli olacaqlar və bu verilməlidir. Bəzi repetitorlar deyirlər ki, biz xilaskarıq, bu, belə deyil. Bu gün Azərbaycanda orta məktəblərdə tədrisin keyfiyyətinin aşağı düşməsinin günahkarı bilavasitə repetitorlardır.
Çünki o müəllimlər sinifdə dərs keçmirlər. Sinifdə keyfiyyətli dərs keçməli olduqları uşaqlara çağırıb deyirlər ki, gəl, evdə öyrədim. Belə olmaz. Bu, uşaqların asudə vaxtının təşkilinə mane olur, valideynlərin böyük məbləğdə vəsait itkisinə səbəb olur”.
Ekspert bildirib ki, repetitorluğun səbəbi qəbul imtahanlarının çətin olmasıdır:
“Ancaq ali məktəblərə qəbul sayının artırılması repetitorlara mənfi təsir göstərəcək. Çünki daha aşağı ballarla ali məktəblərə qəbul olmaq mümkün olacaq. Ancaq repetitor vergi ödəməlidir. Çünki o, bu dövlətin havasından, suyundan, elektrikindən, təhlükəsizlik xidmətindən istifadə edir. Eləcə də repetitorlar da sertifikasiya prosesinə cəlb edilməlidir ki, onlar həqiqətən də bu peşə ilə məşğul ola bilərlər.
Repetitorlar da digər sahələrdə çalışanlar kimi vergi ödəməlidirlər. Məsələn, yol kənarında “peraşki”, çörək satan, bərbər pul ödəyirsə, repetitor da ödəməldir və bu, onların dərs keyfiyyətinə təsir göstərməməlidir. Onlar illərdir ki, pul ödəmirlər”.
Ekspertin sözlərinə görə, repetitorluq zamanı şagird sayının tənzimlənməsi çox rahatdır:
“Yəni kassa, qəbz sistemi var. Bu gün heç bir repetitor gizli fəaliyyət göstərmir və hamı bilir ki, kim harda, nə ilə məşğul olur. Şagirdlər pul ödədikcə, ona müvafiq olaraq qəbz verilir, hesabat dövründə də repetitorlar məlumat verəcəklər ki, 5 min və yaxud 10 min manat qazanmışam. Ona görə pul qazanmısınız ki, Azərbaycanda sakitlikdir, sabitlikdir və rahat şəkildə otaqda işlə məşğul ola bilirsiniz. Azərbaycan Suriya, İraq, Əfqanıstan deyil. Bu sabitliyin davam etməsi üçün iqtisadi gücümüz olmalıdır”.