Xəbər verdiyimiz kimi, Qəzza zolağından İsrail ərazisinə raket hücumlarına start verilib.
Panarama.az Lent.az-a istinadən məlumat verir ki, Azərbaycanı 2021-ci ildə “Avroviziya” beynəlxalq mahnı yarışmasında təmsil edən müğənni Samirə Əfəndi ailə üzvləri və meneceri Aydan Topçubaşova ilə birlikdə Tel-Əviv şəhərində çətin vəziyyətə düşüb.
Samirə qaldığı evin pəncərəsindən şəhərə açılan mənzərəni çəkərək sosial şəbəkə hesabında yayımlayıb. O, paylaşımına “5 min raket... Hava limanı bağlanıb, Tel-Əviv partlayır. Partlayış və həyəcan səsləri qorxudur. Bizə otelin sığınacağına düşməyimizi deyirlər. Ümid edirik ki, hər şey keçəcək. Allah, insanları qoru Allahım sən özün insanları qoru. Amin!”, sözlərini yazıb.
Qeyd edək ki, İsrailin Baş naziri Benyamin Netanyahu ölkə əhalisinə müraciətində “İsrail vətəndaşları, biz müharibə vəziyyətindəyik. Bu, əməliyyat, döyüş deyil, müharibədir” yazıb.
Azərbaycanın İsraildəki səfirliyi hazırda sığınacaqda olan müğənni Samirə Əfəndi və yaxınları ilə təmasdadır.