Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) ötən il 249 əməkdaşı məsuliyyətə cəlb edilib.
Panarama.az bildirir ki, bu barədə Sfera.az-a Dövlət Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamının, korrupsiyaya şərait yaradan amillərin aradan qaldırılması ilə bağlı tələb və tapşırıqlarının icrasını təmin etmək məqsədilə Xidmət tərəfindən 2023-cü ilin may ayından etibarən korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması istiqamətində kompleks tədbirlər, o cümlədən normativ hüquqi bazanın təkmilləşdirilməsi sahəsində müvafiq işlər davam etdirilir.
Belə ki, qanunvericiliyin tələblərini pozmuş vəzifəli şəxslər barəsində xidməti yoxlamalar aparılaraq 2023-cü ildə 78, ötən ildə 249 əməkdaş barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb, o cümlədən 13 əməkdaş mənfi motivlə ehtiyata buraxılıb və əmək müqaviləsinə xitam verilib.
2023-cü ildə 15 fakt üzrə 22, 2024-cü ildə isə 51 fakt üzrə 95 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.
“Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Prezident İlham Əliyevin 06.09.2023-cü il tarixli 2317 nömrəli Fərmanının icrası ilə bağlı müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı barəsində 4 yararlılıq kateqoriyası üzrə qərar qəbul edilmiş vətəndaşların yekun tibbi müayinəsi 01.07.2024-cü il tarixdən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçirilir. Həmin prosesdə iştirak edən aidiyyəti qurumlar arasında məlumat mübadiləsinin elektronlaşdırılması və optimallaşdırılması korrupsiya hallarının qarşısının alınmasında, obyektivliyin təmin edilməsində və şəffaflığın artırılmasında müsbət nəticələr verməkdədir.
Bununla yanaşı ölkə başçısının 29.12.2024-cü il tarixli Fərmanı ilə vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılmasını tənzimləyən qanunvericilik aktlarında, eləcə də Cinayət, İnzibati Xətalar və Miqrasiya Məcəllələrində dəyişikliklər olunub, bu da xidməti fəaliyyətdə şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsinə, eləcə də hərbi xidmətdən boyun qaçırma hallarının qarşısının alınmasına xidmət edir.