“Sehrli xalat” filmində baş rol ifaçısı Azər Qurbanov vəfat edib.
Panarama.az bildirir ki, bu barədə kino aktyoru Yusif Şeyxov məlumat verib.
Onun sözlərinə görə, Azər Qurbanov bir müddət əvvəl ağır xəstəlikdən sonra dünyasını dəyişib.
Əslən Gəncə şəhərindən olan Azər Qurbanov 1955-ci ildə Balakən rayonunda anadan olub. Orta təhsilini Bakıda Nərimanov prospektində yerləşən 225 saylı orta məktəbdə rus dilində alıb.
O, 7 yaşında “Bir məhəllədən iki nəfər” filmində debüt edib. Daha sonra “Əcnəbi qız” (1965), “Bizim oynadığımız dənizdə” (1967), ilk sovet-yuqoslav birgə filmi olan “Mavi quş, yolun açıq olsun” (1967) filmlərində rol alıb.
Ona ən böyük uğuru “Sehrli xalat” filmindəki pioner Rəşid obrazı gətirir.
Rejissor Səttar Atakişiyev 1964-cü ildə “Sehrli xalat” filmini ekranlaşdırır. Filmin ssenarisi Aleksandr Tarasovla birlikdə yazılır. Kinosınaq zamanıRəşid rolu üçün Azər Qurbanovla yanaşı, Yaşar Nuri, Ramiz Əzizbəyli də dəvət olunur. Sınaq çəkilişləri nəticəsində baş rola “Rəşid”ə Azər Qurbanov təsdiq olunur. Azər rusdilli olduğundan onu Yusif Şeyxov səsləndirir.
1992-ci ildən ABŞ-nin Nyu-Cersi ştatının Şort-Hills şəhərciyində yaşayırdı.
Şəxsi bizneslə məşğul olan Azər Qurbanovun tibbi daşımacılıqla bağlı şirkəti var./azpost.az