66b31410d7008202408242832
SENSASİYA! Zəngəzur onların NƏZARƏTİNƏ KEÇİR - Yalnız bu halda...

Zəngəzur dəhlizinin ilkin mərhələdə hansısa beynəlxalq təşkilatın nəzarətinə verilə biləcəyi haqda iddialar artmaqdadır.

Bu barədə ilk dəfə Ermənistan parlamentinin sədri Alen Simonyan danışmışdı. Simonyan parlamentin iclasında iki ölkə arasında kommunikasiyaya nəzarətin üçüncü dövlətin və ya təşkilatın verilməsi variantına razılıq verə biləcəklərini demişdi. Spiker əlavə etmişdi ki, söhbət hansısa regional ölkədən gedə bilməz. 

Bəllidir ki, 10 noyabr 2020-ci il sənədinə görə Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirən maneəsiz yola Rusiya FTX-nin Sərhəd Xidməti nəzarət etməlidir. Simonyan "düşünmürəm ki, bu, hansısa regional ölkə ola bilər" sözləri ilə birbaşa bəyanatın bu bəndini və region ölkəsi olan Rusiyanı nəzərdə tuturdu. Yəni heç bir halda, nəzarətin Rusiyaya verilməyəcəyini elan edirdi.

O, yola nəzarət üçün Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin tərkibində müvafiq qurum yaradıldığını və bu qurumun məsuliyyəti üzərinə götürməyə hazır olduğunu bildirməklə yanaşı, təhlükəsizliyin təmini üçün "bir təşkilat" müzakirəsinə də açıq olduqlarını qeyd etmişdi. Hələ o zaman da bəlli idi ki, söhbət  "Fronteks" kimi tanınan təşkilatdan - Avropa Sərhəd və Sahil Mühafizəsi Agentliyindən gedir.

"Fronteks" 2004-cü ildə Xarici Sərhədlərdə Əməliyyat Əməkdaşlığının İdarə edilməsi üzrə Avropa Agentliyi kimi yaradılıb və ilk növbədə sərhəd nəzarəti səylərinin əlaqələndirilməsinə cavabdehdir. 2015-ci ildə qurum Avropa Sərhəd və Sahil Mühafizəsi Agentliyinə çevrilib, 6 oktyabr 2016-cı ildə Bolqarıstanın Türkiyə ilə xarici sərhədində rəsmi olaraq fəaliyyətə başlayıb.

Büdcəsi də 2015-ci ildə 143 milyon avro idisə, 2021-ci ildə artıq 543 milyon avroya yüksəlib. Agentliyin əməkdaşlarının 2027-ci ilə qədər 10.000 nəfərə çatdırılması planlaşdırılır.

Büdcəsi də 2015-ci ildə 143 milyon avro idisə, 2021-ci ildə artıq 543 milyon avroya yüksəlib. Agentliyin əməkdaşlarının 2027-ci ilə qədər 10.000 nəfərə çatdırılması planlaşdırılır.

"APRI Armenia" analitik mərkəzinin analitiki Sergey Melkonyan isə həftəsonu "AzadlıqRadiosu"nun erməni xidmətinə açıqlamasında yenidən bu mövzunu gündəmə gətirərək ilginc açıqlama verib. Onun iddiasına görə, Ermənistanla Azərbaycan arasında bəzi ilkin razılaşmalar var. İlkin mərhələdə hansısa özəl beynəlxalq təşkilat dəhliz deyilən kommunikasiya xəttinə nəzarət etməlidir.

"Əvvəlcə hansısa beynəlxalq özəl şirkət ora (Zəngəzur dəhlizinə) nəzarət edəcək. Sonra birgə nəzarət həyata keçiriləcək", - deyə Melkonyan bildirib. 

Maraqlıdır ki, bugünlərdə Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkin "Zəngəzur dəhlizinin yaradılması gündəmdə deyil", - deyə açıqlama verib. 

Azərbaycan Zəngəzura nəzarətin "Fronteks"ə verilməsinə razılaşa bilərmi? ABŞ və Avropa İttifaqına yaxın bir qurumun Zəngəzura nəzarətinə Rusiya hansı reaksiya verər? Kopırkinin dəhlizlə bağlı dedikləri nə anlama gəlir?

Panarama.az xəbər verir ki, yaranan bu sualları "Yeni Müsavat"da cavablayan deputat Azər Badamov dedi ki, dəhlizinin açılması haqqında 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli sənədin 9-cu bəndində aydın şəkildə yazılıb: "Burada qeyd olunur ki, Azərbaycanın şərq rayonları ilə Naxçıvan arasında maneəsiz keçid təmin olunmalı və bu keçiddə Rusiyanın FTX-si təhlükəsizliyi təmin etməlidir. Amma Ermənistan üçtərəfli bəyanatın heç bir bəndini icra etmədiyi kimi, Zəngəzur dəhlizi ilə bağlı müddəanı da icra etmək istəmir. Ermənistan hər bir vasitə ilə Rusiyadan uzaqlaşmağa və ölkəsinə Qərbi gətirməyə çalışır. Belə ki, Ermənistan müxtəlif bəhanələrlə Rusiyanın müəllifi olduğu KTMT tədbirlərinə qoşulmur, büdcəsinə vəsait ödəmir və bu təşkilatdan çıxacaqları ilə bağlı bəyanatlar səsləndirir. O cümlədən uzun illərdən sonra Zvartnos hava limanında xidmət çəkən FTX əməkdaşlarını Ermənistan əməkdaşları ilə əvəzlədi. Bütün bunlar onu göstərir ki, Paşinyan hakimiyyəti Zəngəzur dəhlizinə nəzarəti də Rusiyaya vermək istəmir. Ona görə də Rusiya səfiri Kopırkin açıqlamasında "Zəngəzur dəhlizinin açılması gündəmdə deyil" deməklə kifayətlənib. Ermənistan isə Zəngəzur dəhlizinə nəzarəti beynəlxalq nəzarətçilərə vermək istəyir. Əslində Qərbin kəşfiyyatçıları üç ildir ki, monitorinq qrupu adı altında Ermənistandadır. İndi isə Zəngəzur dəhlizinə nəzarət etmək üçün yeni bir qrupu gətirmək istəməkləri də bir yenilik deyil. Azərbaycan üçün vacib məsələ Zəngəzur dəhlizinin açılmasıdır. Məhz dəhlizin açılması və Naxçıvana  maneəsiz yolun olmasıdır. Yaxşı olardı ki, bu yola Rusiya FTX-si nəzarət etsin. Amma beynəlxalq təşkilatın nəzarət etməsi də qəbul olunan olduğunu hesab edirəm. Çünki  əsas şərtimiz odur ki,  Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana gediş-gəlişimiz, yük daşımaları nəzarətə cəlb olunmamalıdır. Bu şərtimiz çərçivəsində dəhlizə kimin nəzarət etməsinin o qədər də önəm daşımadığını hesab edirəm".

AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramovun fikrincə, Zəngəzur dəhlizi də həm Ermənistanla Azərbaycan arasında birbaşa nəqliyyat əlaqələri yarada, həm də Ermənistanın regionda iqtisadi təcridinə son qoymaqla yanaşı, iki ölkə arasında sülh quruculuğuna da mühüm töhfə verə bilər. Bunu Ermənistanın özündə də kifayət qədər yaxşı başa düşürlər. Ermənistan anlayır ki, Zəngəzur dəhlizinin açılmaması halında bu ölkənin regional layihələrdə iştirakı faktiki olaraq mümkünsüzdür və bu da iqtisadi baxımdan Rusiyadan asılılığın davam etdirilməsi deməkdir. Odur ki, dəhlizin açılması həm də Ermənistanın marağındadır. Amma problem ondadır ki, bu dəhlizin açılmasının hüquqi bazasını 10 noyabr 2020-ci tarixində Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatın 9-cu bəndi və 2021-ci il 11 yanvar tarixində Moskvada imzalanmış 4 bəndlik bəyanat təşkil edir. Yəni başqa sözlə desək, dəhlizin açılması halında həmin yola nəzarətin Rusiya tərəfindən təmin olunması ilə bağlı Paşinyanın da imzası olduğu sənəd Ermənistanın əl-qolunu bağlayıb. Ermənistana havadarlıq edən və bütün mümkün vasitələrlə Rusiyanın regiondan uzaqlaşdırılmasını qarşılarına məqsəd qoyan güclər dəhlizə nəzarətin Rusiyaya verilməsini heç bir halda qəbul etmək istəmirlər. Ona görə də bu istiqamətdə Paşinyan hakimiyyətinə təzyiq edirlər. Bu təzyiqlər fonunda və eləcə də xaricdən gələn maliyyə fonunda Ermənistanın dəhlizə nəzarəti Rusiyaya həvalə etməsi mümkünsüz olduğu üçün ortaya yeni təkliflər çıxır.

Zəngəzur dəhlizinə nəzarətin beynəlxalq quruma, indiki halda bununla bağlı daha çox adı hallanan Avropa Sərhəd və Sahil Mühafizəsi Agentliyi - "Fronteks"ə həvalə edilməsi də bu təkliflərdən biridir. Düzdür, "Fronteks" sərhəd nəzarəti səylərinin əlaqələndirilməsi ilə bağlı ixtisaslaşmış bir qurumdur, amma məsələ burasındadır ki, bu qurumun Zəngəzur dəhlizinə nəzarəti həyata keçirəcək heyətinin kimlərdən ibarət olacağı ilə bağlı konkret məlumat yoxdur. Yəni başqa sözlə, bu agentliyin bir Avropa qurumu olaraq Zəngəzur dəhlizindəki heyətə əsasən fransızları və ya bizə xoş münasibətdə olmayan dövlətlərin təmsilçilərini göndərməyəcəyi ilə bağlı hər hansı bir qarantiya yoxdur. Düşünürəm ki, Azərbaycan dəhlizə nəzarətin hər hansı bir beynəlxalq quruma verilməsi ilə yalnız o halda razılaşa bilər ki, həmin qurum dəhliz boyu nəzarəti həyata keçirəcək heyəti hər iki dövlətlə razılaşdırsın. Yəni həqiqətən neytral olacaq bir qurum və heyət olacaqsa, o zaman ortada hər hansı bir problem qalmayacaq.

Təbii ki, Rusiya Zəngəzur dəhlizinə nəzarətin qərb qurumuna verilməsini istəmir. Çünki dəhlizə nəzarət həm də faktiki olaraq həmin dəhlizdən istifadə edən ölkələrə təsir və təzyiq imkanı əldə etmək deməkdir. Odur ki, Rusiya nəzarətin ya özü tərəfindən həyata keçirilməsini, ya da, ümumiyyətlə, Zəngəzur dəhlizinin açılmasının müəyyən müddət üçün təxirə salınmasını istəyir". (milli.az)

07.08.2024 10:27
713

(MGID): :
OXŞAR XƏBƏRLƏR