66d95997cd1d3202409241119
Sevgilisi qəbiristanlığa aparıb orada... - Müğənninin faciəvi ölümü ilə bağlı dəhşətli iddia - Foto

“Mənim qızım 3 May tarixində, gecə saat 12-1 radələrində sevdiyi oğlan Nəsirov Tahir Vaqif oğlu tərəfindən qətlə yetirilib.”

Bu sözləri yanıq xəsarətləri alaraq dünyasını dəyişən 24 yaşlı müğənni Həmidə Elşən qızı Tağıyevanın anası Samirə Tağıyeva News365.az-a açıqlamasında deyib.

“Tahir Nəsirov 3 May gecəsi axşam 12-1 radələrində Yasamal rayonunda yaşadığımız evə gəlib. Qızıma deyib ki, gəl düş aşağı gedək çay içək, danışaq. Görüşdükdən sonra dediyi məkana yox, başqa yerə aparıb və orada üzərinə benzin tökərək yandırıb.”

Siz övladınızla birlikdə yaşayırsınız?

“Yoldaşımla biz rayonda yaşayırıq amma hər ay gəlib bir müddət burada qalırdım. Üç övladım var və hər biri Bakıda oxuyub, öz işləri, sənətləri var. Onlar üçün kirayə ev tutmuşduq. Üçü bir yerdə həmin kirayə tutduğumuz evdə yaşayırdı.”

Hadisə zamanı digər övladlarınız evdə olub?

“Qızım xətəxanada işləyir, oğlumunda işi ağır olduğu üçün onlar evə axşam gəlib, yatıblar. Həmidə evdə idi. Bacısı və qardaşı gələndə onları Həmidə qarşılayıb. Saat 12 radələrində Həmidə və Tahir danışıblar. Tahir qızıma yazıb ki, gəlirəm, binanın qabağına çıx. Bəzi danışıqlar WhatsApp vasitəsilə aparıldığı üçün onları qeyd etmək mümkün olmayıb. Mən özüm onun övladımı döydüyünün şahidi olmuşam.

O əslində ayın 1-i Həmidəni öldürmək istəyib. Qızım Masallıdan toydan gəlirmiş. Saat 12-dən yola çıxıb və saat 4-də çatıb. Qızım evə çatan vaxt onu tutub döymüşdü. Qızımı toylara aparıb-gətirən elə Tahirin öz dostu Elvin idi. Tahir tapşırıb ki, səni toylara Elvin aparıb-gətirsin, puluda ona ver. Hər bir müğənni kimi o da toy əsnasında oxuyub, oynayıb. Bu zaman Elvin hər şeyi çəkib Tahirə göndərirmiş.”

Sizin Həmidə və Tahirin sevgi münasibətindən xəbəriniz var idi?

“Bir-birilərini istəyirdilər. Münasibət haqqında çox məlumatım yox idi.”

Qızınızı döydükdən sonra Hüquq-mühafizə orqanlarına məlumat vermədiniz?

“Xeyr, özü icazə vermədi. Mən etmək istəsəm belə, Həmidə qarşı çıxdı. “Ana, o vəhşiləşibdir. Qapını bağla, birdən yuxarı çıxar.” dedi. Polisə şikayət edək dedim, o isə qarşılığında dedi ki, Tahir hamımızı öldürər. Mənə söz verdi ki, ondan bir təhər ayrılacaq.  Hələ deyirdi ki, molla belə tapıb onu özümdən uzaqlaşdıracam. Qorxurdu ki, ayrılsa Tahir onu öldürər. Həmidə deyirdi ki, o, Tahirə deyib ki, mən hələ səni tam tanımamış nişan taxa bilmərəm. Həmidə sonradan öyrənib ki, oğlan 14 il narkotikə görə həbsdə olub. Hadisə yaşanmadan 2-3 ay əvvəl artıq ondan uzaqlaşmaq qərarına gəlib.”

Tahirin valideynləri ilə danışmısınız?

“Oğlanın valideynlərini və ya ailəsindən heçkimi tanımırıq. Tahir qızıma deyib ki, mən ölkədən-ölkəyə brilliant aparanda saxlanılmışam. Narkotikə görə həbs edildiyini deməyib. Əslində 48 kiloqram narkotik və bir silahla saxlanılıb.”

1 May tarixində baş verən hadisə nəyə görə olub?

“Qızımı çox pis döymüşdü. Hadisə baş verən zaman mən Bakıdaydım. Mənə dedi ki, ana yatma, sənə şirniyyat alıb gətirəcəm. Mən isə başladım onu gözləməyə. Sübh vaxtı, təqribən saat 4 radələrində evə gəldi. Otağa gələndə gördüm ki, Həmidənin ağzından qan gəlir. Deyəndəki nə olub, əlini başına tutub dedi ki, Tahir məni döydü, binanın qarşısında öldürdü. Səbəbi isə Elvinin onu əsəbləşdirməsi olub. O, toyda olan hər şeyi, Həmidənin atdığı hər addımı Tahirə göndərib və Tahir əsəbləşərək gəlib, qızıma şiddət göstərib.

Bu qətlin səbəbi sevgi və ya qısqanclıq deyil. Həmidə onun əməllərini, pis işlərini görmüşdü. Onun tək məqsədi Həmidəni yox etmək idi. O qorxurdu ki, Həmidə onun törətdiyi əməlləri kiməsə danışar və ya harasa şikayət edər.”

Qızınız döyüləndən sonra siz yenidən rayona qayıtdınız?

“Bəli, çünki təcili bir hadisə baş vermişdi. Həmidə deyirdi ki, ana narahat olma, sən heç nə etmə mən ayrılacam.”

Siz heç Tahirlə danışmısınız?

“Xeyr. Mən onu heç görməmişdim.”

Heç görmədiyiniz biri qızınıza bu qədər şiddət göstərib. Hüquq-mühafizə orqanlarına xəbər etməyiniz sizcədə düzgün olmazdı mı?

“Mən onu indinin özündədə düşünürəm. Vaxtında hərəkət etsəydim, qızım indi yaşayırdı. Həmidə icazə vermədi. Dedi ki, əgər bilsə sizi öldürəcək. Bizə görə narahat idi. Mən ayın ikisi rayona getdim. 3 May tarixində digər qızım yoldaşıma zəng etdi ki, anama de ki, bacım yanıb.”

Bacı-qardaşı hadisədən necə xəbərdar olub?

“Həmidə evdən çıxanda onların xəbəri olmayıb. Sübh vaxtı idi, qızıma zəng gəlib. Zəngi açanda eşidib ki, Həmidə “Bacı” deyib qışqırır. Orada olan başqa bir xanım deyib ki, bacınız yanıb, xəstəxanaya aparırıq, təcili gəlin. Uşaqlar xəstəxanaya gedib, nə qədər axtarıblar və sonda Həmidəni reanimasiyada tapıblar. Qışqırırmış ki, “Mən dəliyəm bunu edim? Məni yandırıblar. Mən heç bir şey etməmişəm.” Həmin vaxt Tahirdə əllərində yanıq izləriylə orada olub. Qızın üstünə benzin töküb yandırıb. Yandırandan sonra narkotikin təsirindən ayılıb, yanğını söndürmək istəyib və o əsnada öz əlinidə yandırıb.”

Bədən xəsarətləri, yanıq dərəcəsi nə qədər idi?

“Hadisədən sonra Həmidənin vəziyyəti çox ağır idi. Mənə dedi ki, “Tahir ölsün, hər şeyi o edib.” Gecə vaxtı mənim uşağımı əli-qolu bağlı halda qəbiristanlığa aparıb, benzin alıb yandırıb. Həmin maşın mənim baldızımın Fatimə adlı baldızı qızına məxsusdur. Həmidə ilə rəfiqə, Tahir ilə isə yaxın dost olublar. Ona maşın idarə etməyi elə Tahirin özü öyrədib. Fatimə isə etibarnamə olmadan maşını Tahirə verib. Mən Tahirin qardaşı ilə danışdım və o dedi ki, mənim qardaşım Türkiyədədir. 5-6 saat sonra zəng etdi ki, “Mən iki ildir Tahirlə danışmıram. Maraqlanıb öyrəndim ki, o Azərbaycandadır.” Tahir deyir ki, mən telefonla danışırdım, arxaya baxdım ki, Həmidə yanır. Böyük qızıma deyib ki, dəli olmuşdum. Benzin götürdük ki, yandıraq. Sonra dedi ki, qəbiristanlıqda kabab çəkməyə getmişdik. Bir çox şey danışdı. Hadisədən sonra maşını idarə edən Elvin olub və Tahir onun yanında idi.

Fatimə maşını Tahirə verməsəydi, bu hadisə olmazdı. Tahir və Fatimə o qədər yaxın dostdur ki, Tahir maşını yuduzdurmadan Fatiməyə verib və maşını təmizlədən Fatimə olub. Fatimə bizi təhqir edir ki, mənim və ya maşınımın adını çəkməyin.”

Son olaraq mərhumun valideyni ədalətin bərqərar olması üçün müəyyən orqanlara müraciət edir:

“Mən bir ana kimi xahiş edirəm ki, övladımın qatilləri saxlanılsın.”

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.

05.09.2024 11:07
3014

(MGID): :
OXŞAR XƏBƏRLƏR