686cf7e7681e6202507255015

Sorğu-sualsız məhkəmə, qəddar hökm: "Əcəb oldu!"

08 İyul 2025
168

Kubra Məhərrəmova yazır...

Hər dəfə daha məni heç nə təəccübləndirə bilməz deyirəm, amma cəmiyyət adama elə bir tərs şillə vurur ki, yerində donub qalırsan...

Dünən iki gözəl, sağlam, cavan qadın həyatını itirib.

Biri Siyəzəndə Beşbarmaq dağında Nuranə Məcidova, (paraşütlə eniş edərkən qayaya çırpılıb və faciəli şəkildə ölüb), digəri 24 yaşında qayınatası tərəfindən 19 bıçaq zərbəsi ilə öldürülən Günel Ağabəyli.

Nə oğru idilər, nə terrorçu, nə dələduz, hər ikisi öz həyatını, öz arzularını yaşayan, öz məqsədləri olan gözəl qadın idi. Həyatları qəfil qırıldı, onlardan sonra isə əzizləri üçün özləri boyda dağ qaldı.

Çox ağır və ağrılı hadisədir. Təbii ki, xəbər yayıldı və sosial şəbəkələrdə hadisələrin müzakirəsi başladı. Gözəl xalqımızın, gözəl nümayəndələrinin əksəriyyəti yazdı sorğusuz, sualsız yazdı ki, "əcəb olub!"

Niyə? Nə üçün? Fərqi yoxdur, sadəcə "əcəb olub!"

Qayınatası tərəfindən 19 bıçaq zərbəsi ilə öldürülən Günel Ağabəylinin həyat yoldaşı deyir ki, arvadımla heç bir problemimiz olmayıb, bir-birimizi sevib ailə qurmuşuq. Atamın psixoloji problemi olub.


Millət yenə yazır ki, "yalan deyir, kişi bilir niyə öldürüb". Qadınlar isə əlavə edir ki, "bəs məni niyə öldürmür, qayınatam?"

Baxırsan, oxuyursan, anlayırsan ki, bunu yazanlar real adamlardır. Bizimlə bir yerdə restoran-kafedə oturan, toyda-yasda gördüyümüz kişi-qadınlar, dükan-bazarda, ictimai nəqliyyatda rastlaşdığımız adamlar...

Bu nəyin nifrətidir, nəyin davasıdır?

Paraşütlə tullanmaq qanunla qadağandır, yoxsa günah?

Haqqı yeyənlə işin olmasın, oğru, dələduzla işin olmasın, paraşütlə tullananı, bədbəxt hadisə nəticəsində həyatını itirəni haqq-nahaq suçla...

İndi sual verirəm, ölən kişi olsaydı yenəmi belə reaksiya olacaqdı?

Mənə elə gəlir ki, insanlar bu hadisə iştirakçıları xanımlar olduğu üçün "əcəb oldu!" deyirlər...

Xatırlayırsınızsa, Rəşad Dağlı cinayət törətdi, adam öldürdü, amma cəmiyyət onun müdafiəsinə qalxdı. Məhkəmənin qarşısında toplaşdılar, dəstək verdilər və s.

Eyni hadisəni qadın törətsəydi, yenə eyni münasibət olacaqdımı?

Bizim cəmiyyətdə qadın öldüsə, öldürüldüsə, hətta öldürdüsə belə günahkardır...

Cəmiyyətimizin əksəriyyəti (çünki bəziləri deyə bilmirəm) qadın ölümünü alqışlayır. Əri, qayınatası, qardaşı, atası, oğlu öldürübsə deməli "yaxşı qadın" olmayıb. Eləsini öldürmək lazımdır. Sorğusuz, sualsız, məhkəməsiz...

Bəs "yaxşı qadın olmayıb" ifadəsi nədir? Özündə nəyi ehtiva edir?

Döyülmək, söyülmək, haqqını tələb etməmək, qul-kölə olmaqdımı yaxşı qadın olmaq?!

Bəlkə haqq və hüququnu bilən, təhsilli olan, iş həyatında uğur qazanan, hobbilərinin ardınca gedən qadındır pis qadın? Bəlkə seks işçiləridir pis qadınlar?

O zaman sual yaranır, niyə məhz o qadınları görəndə cəmiyyətin əksəriyyəti ikiqat əyilir?

Maşınının qabağına qaçır ki, bəxşiş alsın. Onlarla ünsiyyətdə olmaq üçün dəridən-qabıqdan çıxırlar. Hədiyyələri, gül-çiçəkləri, qızıl-brilyantları ayaqlarının altına atırlar.

Bu, nəyin riyakarlığı, nəyin xəbisliyidir? Deməli məsələ puldadır, bəxşişdədir. "Yaxşı" və "pis" qadında deyil.

Onu anlayıram ki, bu cəmiyyətdə qız böyütmək ağırdır, çox çətindir.

Böyüt, təhsil ver, iş həyatında dəstək ol. Sonra da hansısa biri əlində bıçaq gəlib bıçaqlayıb öldürsün, cəmiyyət desin ki, "əcəb oldu!"

Elə bil bu qızı böyütmək üçün valideyn daim müharibəyə hazır vəziyyətdə olmalıdır. Hər kəslə mübarizə aparıb, qız övladını qorumalıdır.

Lazım gəlsə, qızını onun gələcək ərindən, qayınatasında, qaynından, qardaşından, oğlunda belə.

Son zamanlar qızlarımızın xarici ölkə vətəndaşları ilə ailə qurma halları çoxalıb. Düşünürəm ki, bu, qızlarımızın mövcud cəmiyyətdən qaçmaq fürsətidir.

Çünki hər keçən gün, qadın ölümünə "əcəb oldu!" deyənlərin sayı sürətlə artır.

Burada ömrünü çürütməkdənsə, elə qaçıb getmək, azad ola biləcəyin yerdə nəfəs almaq yaxşıdır. Necə idi o söz? Halva sənin evində bişmədikcə, şirin olur. Allah hər iki gözələ rəhmət eləsin. Aramızdan iki mələk uçub getdi. Amma yaşasaydılar nə gözəlliklər yaradardılar...