659e315daef15202401245541
Tacir Şahmalıoğlu: “Elə “sənətkarlara” da ad verirlər ki, adam addan imtina etmək istəyir ki, bizə də ad verilsin, onlara da?”

“Faktiki görürsünüz ki, yaxşı sənətkarlarımıza ad vermirlər, bəziləri hətta dünyasını dəyişib. Artıq səbr etmək fikrindəyəm. Deyirəm, yəqin ki, yaxşı olar, amma bu gedişat yaxşı deyil. Allah Aygün Bəylərə qəni-qəni rəhmət eləsin. Aygün neçə illər əvvəl Xalq artisti adına layiq olmuşdu. Mən də müəmmalı qalıram ki, nəyə görə ad verilmədi? Bir çox belə sənətkarlarımız var, onlara ad verilməlidir, amma verilməyib. Elə “sənətkarlara” da ad verirlər ki, adam addan imtina etmək istəyir ki, bizə də ad verilsin, onlara da? Allah Prezidentimizin canını sağ eləsin. Cənab İlham Əliyevin o qədər görüləsi işləri var ki. Əlbəttə, Prezident kiməsə ad vermək haqqında fikirləşməməlidir. Söhbət təqdimatı Prezidentə aparıb çatdırmaqdan gedir. Ad vermək təkcə birbaşa Prezidentdən asılı deyil axı. Elə adamların təqdimatını Prezidentə aparıb çatdırırlar ki, onların heç sənətdən xəbərləri yoxdur, o ada layiq deyillər...”

 

Panarama.az bildirir ki, bu sözləri Pravda.az-a müsahibəsində tanınmış müğənni Tacir Şahmalıoğlu deyib.

 

“Elə sənətkarlar unudulur ki. Bu da xalqı incidən bir şeydir. Mənə minlərlə zəng gəlir ki, “niyə sizə ad vermirlər?” Deyirəm ki, vallah, mən də sizin kimi, bilmirəm mənə niyə ad vermirlər. Yeri gələndə, 50 ildir ki, millətim, xalqım, camaatım üçün qurub-yaradıram. Hər şey edirəm, dövlət kanallarının efirinə də çıxıram, tədbirlərə də gedirəm. Səngərlərdə konsertlər veririk, əziyyət çəkirik, ancaq nə bilim... Mən xalqın sevgisini addan üstün bilirəm, həmişə də belə bilmişəm. O sevgini görürəm, amma yenə də dövlət tərəfindən sənətçiyə ad verilməsi başqa bir şeydir. O olsa, lap gözəl olar. Allah rəhmət eləsin, Məhəbbət Kazımova ölümündən sonra ad verdilər. Niyə belə olmalıdır? Hər kəsə sağlığında qiymət verilməlidir. Allah rəhmət eləsin, kaman ustası Habil Əliyevə iclasda söz verirlər ki, nə deyə bilərsiniz? Durub demişdi ki, vallah, mən nə deyə bilərəm, bizdə bu saat ölənlərə elə qiymət qoyurlar ki, adamın bəri başdan ölməyi gəlir. Ümid edirəm ki, bu, Allahın köməkliyi ilə nə vaxtsa düzələcək. Bu, bizim içimizdə bir yaradır və nə vaxtsa sağalmalıdır...”, - müğənni bildirib.

 

Xatırlatma: Tacir Şahmalıoğlu bir neçə il öncə mətbuata verdiyi müsahibələrinin birində belə demişdi: “Dövlətim mənə birbaşa Xalq artisti adını versə, hə, onda bilərəm ki, sənətim dəyərləndirildi. Nadir Bayramlıya verilsin Əməkdar artist, mənə Xalq artisti adı düşür.  Əməkdar artist adı verilsə, qəbul etməyəcəyəm! Çünki 1978-80-ci illərdə mən artıq Əməkdar atist adını qazanmışdım, amma verilmədi. Mən “Əməkdar artist” adını neyləyirəm ki?”

10.01.2024 09:53
332

(MGID): :
OXŞAR XƏBƏRLƏR