Təhsilini başa vurub peşəkar aktyor kimi vətənə qayıtmağa hazırlaşan Arifə Bakıdan teleqram gəlib. Bir cümləlik teleqramda yazılmışdı “Arif, atan ağır vəziyyətdədir. Səni görmək istəyir”. Tələbə-aktyor təcili Bakıya gəlib. atası Teyyub həkim son nəfəsində ona deyib ki, “mən səni aktyor deyil, həkim görmək istəyirəm”.
Teyyub Mirzəquliyevin rəhmətə getməzdən əvvəl Arifi aktyor yox, həkim görmək istəyini dilə gətirməsi oğlunu öz yolunu dəyişməyə məcbur edib. Və Arif bir daha Ümumittifaq Kinematoqrafiya İnstitutuna qayıtmayıb. Atasının xahişi ilə Moskavadakı təhsilini yarımçıq qoyaraq Bakıya qayıdan Arif imtahan verib Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub.
o, Azərbaycan Dövlət Tibb İnstutunda təhsilini başa vuraraq, nevropatoloq ixtisasına yiyələnib. İncəsənətdən uzaqlaşan Arif Mirzəquliyev ömrünün sonuna kimi Bakıda həkim işləyib. yanına təcrübəyə gələn ikinci kurs tələbələrindən birinə aşiq olub. Onlar tanış olub ailə qurublar. Sonralar da hər ikisi eyni xəstəxanada, bir otaqda işləyiblər. Uzun illər onun otağına gənc qızlar gəlib gedir onun qapısını döyüb baxıblar ki, görək Sərvər kimlə evlənib.Arif Mirzəquliyev uzaq qohumlarından birinə öz evində müvəqqəti məskunlaşmaq üçün yer vermişdi. Bunun üçün qohumunu qeydiyyata da saldırmışdı. Günlərin birində evini satmaq istəyən aktyorun köməklik etdiyi qohumu evdən çıxmır. Deyib ki, mən artıq bu evdə qeydiyyatdayam və burada da yaşayacağam. Arif məcbur qalıb evi hökumətə təhvil verəndən sonra onu oradan güclə çıxarıblar.
Deyilənə görə, “O olmasın, bu olsun” filmində Sərvər roluna əvvəlcə məşhur müğənni Rəşid Behbudovu çəkmək istəyiblər. Sərvəri də əslində Arif Mirzəquliyev yox, Rəşid Behbudov ifa etməli imiş. Həm rejissor, həm də Bədii Şura Rəşid Behbudovu təsdiqləyib. Hətta ona gələn təbrik məktublarında müğənnini ərkyana Sərvər də adlandırıblar. Vəziyyət isə əksinə olub. Ssenari ilə tanış olan R. Behbudov qətiyyətlə roldan imtina edib. Səbəb kimi isə özünü bu rol üçün yaşlı sayıb. Bildirib ki, “Sərvər gimnaziya tələbəsidir, gəncdir, mən artıq onun üçün qocayam”. O zaman Behbudovun yaşı 40-a çatırdı.
Arif Mirzəquliyev illər sonra – 1980-ci idlə 3-cü dəfə kinoya dəvət olunub və o, bir sıra tanınmış aktyorlarla “Məşədi İbad-80, yaxud köhnə tanışlar” qısametrajlı filminə çəkilib. Burada yenidən Sərvər obrazını canlandırıb. Bu film isə elə də uğur qazana bilməyib.
Aktyor 1990-cı il avqustun 4-də ürək çatışmazlığından dünyasını dəyişib.
Onun qızı Teyyubə xanım atasının son günlərini müsahibələrinin birində belə xatırlayır: “O günləri yada salmaq çox çətindir. Atam siqareti çox çəkirdi. İki dəfə infarkt keçirmişdi. Bir dəfə ürəyindən ağrı tutanda özünə söz vermişdi ki, sağalsın, daha siqaret çəkməyəcək. Amma siqareti tərgidə bilmirdi. Atam hamıya həmişə kömək etmişdi, amma son nəfəsində ona heç kim kömək edə bilmədi. Hətta təcili yardım maşını da hadisə yerinə gecikmişdi. Ürəyindən qəflətən sancı tutması nəticəsində dünyasını dəyişdi. Atamdan sonra anam çox əziyyətlə yaşadı. Ona yaşamaq demək olmaz. Ömrünün son 4 ilini yataqdan qalxa bilmirdi. Bir-birlərinə çox bağlı idilər.
Anam 2008-ci ildə uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdi.
Atamın ölümündən 1 il keçməmiş bütün dostları onu unutdular. Halbuki, o insanlar atamın sağlığında evimizin yuxarı başında otururdular”.(shows.net)