659b4e30152a0202401242152
Tərcümə edə bilmirsənsə, bu, dilin yox, sənin gücsüzlüyündür - Ramiz Rövşən

Panarama.az Kulis.az-a istinadən tanınmış şair-tərcüməçi Ramiz Rövşənin Azərbaycan Dövlət Tərcümə Mərkəzində “Tərcümənin problemləri” mövzusunda təşkil olunmuş dəyirmi masadakı çıxışını təqdim edir.

Amerikada hər şeyə olduğu kimi, deyəsən, şeirə, təcüməyə də bir istifadəçi münasibəti var. Məzmun çatdı, bəs eləyər. Əlavə nə bilim, ahəngə, vəznə, qafiyəyə ehtiyac yoxdur. Təxminən, "Mcdonalds"ın buterbrodları kimi: yedin, doydun, vəssalam. Amma mənim də bir neçə şeirimi ingiliscəyə çevirmiş görkəmli ingilis şairi və tərcüməçisi Riçard Makkeyn amerikalılardan fərqli ola­raq, şeirin təkcə məzmununu yox, şəklini, qa­fiyə sistemini də mümkün qədər saxlamağa çalışır. Və bu onun ingilis mühafizəkarlığın­dan yox, peşəkarlığından gəlir. Yeri gəlmişkən deyim ki, Avropada, Amerikada yeni şeir dili yapon şeirlərinin fransızcaya təhrif olunmuş tərcümələrindən yaranıb. Rəssam­lıqda Avropa impressionist məktəbi də ya­pon miniatürlərinin təsirindən başlayıb. Biz Kits, Bayron, Şelli kimi ingilis romantikləri­nin vəznli, qafiyəli şeirlərini Ezra Paund, Karl Sednberq kimi modernist şairlərin sərbəst, qafiyəsiz şeirləri kimi tərcümə edə bilmərik. Eləcə də, Molla Pənah Vaqifin qoşmalarıyla Rəsul Rzanın sərbəst şeirlərini ingilis dilinə eyni şəkildə tərcümə etmək olmaz. Heç sər­bəst şeirin – verlibrin özü də hər yerdə eyni deyil. Hətta bizim sərbəst şeirimizlə Türkiyə şairlərinin sərbəst şeirləri fərqlənir. Bizimki hecanın sərbəstidir, Nazim Hikmətin şeirləri isə daha çox əruzun sərbəstidir.

Söhbət klassik şeirin tərcüməsindən ge­dirsə, biz onun mənası ilə yanaşı şəklini də, ritmikasını da almağa çalışmalıyıq. Bu gün Avropada, Amerikada ən populyar şeir for­malarından biri qəzəlin təhrif olunmuş for­masıdır. Fikrimcə, ən gözəl tərcümə mək­təbi rus tərcümə məktəbidir. Çünki ruslarda bu sahəylə böyük şairlər məşğul olub: Pasternak, Axmatova, Zabolotski və başqaları. Onları ideoloji səbəblərə görə çap etmirdilər və bu şairlər tərcümə ilə dolanırdılar. Amma yaxşı deyiblər ki, şər deməsən xeyir gəlməz. Məhz bu cür şairlər rus dilində böyük tərcümə mək­təbi yaratdılar.

Mənim üçün poeziya tərcümə­sinin iki əsas şərti var. Ola bilər ki, tərcümə­çi böyük şair olmasın, amma onun mütləq poetik istedadı olmalıdır. İkincisi, böyük şair yaxşı tərcüməçi olmaya da bilər. Çünki yax­şı tərcüməçi olmaq üçün dərin bilikli, ciddi ədəbiyyatçı da olmalısan. Bir şeiri tərcümə edəndə bəzən bir neçə konteksti nəzərə almaq lazım gəlir. Mən Slavyan Universitetində Rus poeziyasının gümüş dövründən mühazirələr oxumuşam. Həm rus, həm də Azərbaycan sektorlarında. Mən o dövrün şeirlərini tərcümə edəndə onları həm ümumən rus poezi­yası kontekstində, həm də “gümüş dövr” poeziyası kontekstində götürürəm. Eyni za­manda dövrün də öz konteksti var. Yəni ədəbi və tarixi konteksti birgə götürməlisən. Bu şeirləri Azərbaycan dilinə tərcümə edən­də onları Azərbaycan dilinin kontekstində, demək olar ki, yenidən yaradırsan. Fikir ve­rin kontekstlər arasında nə qədər fərqliliklər var. Bir şeir nə qədər fərqli atmosferdən ke­çir. Şeir hissin, ovqatın mənzərəsidir. Əgər şeir fikirdən gəlirsə, onu da köpükləndirib hissə çevirməlisən. Hissin gözəlliyi onun ilkinliyindədir. Hissi, duyğunu təkrar istehsal etmək mümkün deyil. Sən bu hissi yenidən yaşayıb, Azərbaycan dilində ifadə etməlisən. Tutalım, Mayakovskinin şeirlərini tərcümə edirsən. Mayakovski yüksək notlarda işləyən şairdir. Onun şeirlərini tərcümə edəndə ritori­kaya yuvarlanmaq təhlükəsi var. Onun səsini ala bilməzsən, amma bir az aşağıdan götürə bilərsən. Bizdə belə bir düşüncə var ki, tərcü­məçi bütün hallarda müəllifə uduzmuş vəziyyətdədir. Bu, aksiom deyil. Mən Puşkinin "Qurana nəzirə" silsiləsindən tərcümələr et­mişəm. Adından da bəllidir ki, burda Qurana nəzirədən söhbət gedir. Puşkin sadə və böyük şairdir. Sadə şeirlərisə tərcümə etmək çox çə­tindir. Sadəliyin dahiyanəliyini göstərmək la­zımdır. Puşkinin bu şeirlərini tər­cümə edərkən onun qarşısında üstünlüklərim vardı. Mənim bu böyük şair qarşısında üstün­lüyüm nə idi? Birincisi, mən Qurani-Kərim haqqında Puşkindən qat-qat çox bilirəm. İkincisi, Puşkin bu şeirləri 25 yaşında yazıb və mən Puşkinin özü, onun sonrakı taleyi, yaradıcılığı, həyatı, ölümü haqqında da 25 yaş­lı Puşkindən qat-qat çox bilirəm. Həmin silsilədəki şeirlərdən biri şərqdə çox məşhur olan bir rəvayət əsasında yazılıb. Bu rəva­yət Allahın gücünün hüdudsuzluğu haqqındadır. Allah bütün dünya­ların və zamanların sahibidir. Və ən pis vəziyyətdə də insan şükürlü olmalıdır. Rusca, biz bildiyimiz mənada, “şükür” sözü yoxdur. Təşəkkür başqadır, “şükür” başqa. Mən tərcümə edərkən, rus dilində olmayan, amma bu şeirin mahiyyətində olan sözü mətnin üzərinə çıxa­rıram. Əslində, tərcü­mə Puşkinin şeiridir və mən bu şeiri orijinalın dilinə çevirirəm. Azər­baycan və rus dillə­rini yaxşı bilən, ədə­biyyatı anlayan adam bu şeiri oxuyanda mənim tərcüməmə "orijinal budur, tərcü­mə isə odur" sözünü deməyəcəksə, deməli, işim uğursuzdur. Bizdə mollalar məclislərdə bu hədislərin, rəvayətlərin yüzünü danışırlar.

Puşkin yazır:

И путник усталый на бога роптал:

Он жаждой томился и тени алкал.

В пустыне блуждая три дня и три ночи,

И зноем и пылью тягчимые очи

С тоской безнадежной водил он вокруг,

И кладязь под пальмою видит он вдруг.

Mənim tərcüməm belədir:

Yorğun yolçu üç gündü ki səhranı dolaşırdı,

Dili-ağzı yana-yana Allahla dalaşırdı:

– Qarışqanı görən Allah məni də gör, – deyirdi,

(bunu biz əlavə elədik)

– Bir qurtum su, bircə qarış kölgəlik ver, –

deyirdi.

(Bu, mətndə vardı, ordan gətirdik)

Qəfil birdən elə bil ki bəxti güldü üzünə,

Bir palmanın altındakı quyu dəydi gözünə.

(Mənzərəni göstərdik)

Sonra şeir belə davam edir:

И к пальме пустынной он бег устремил,

И жадно холодной струей освежил

Горевшие тяжко язык и зеницы,

И лег, и заснул он близ верной ослицы —

И многие годы над ним протекли

По воле владыки небес и земли.

Настал пробужденья для путника час;

Встает он и слышит неведомый глас:

“Давно ли в пустыне заснул ты глубоко?”

И он отвечает: уж солнце высоко

На утреннем небе сияло вчера;

С утра я глубоко проспал до утра.

Və biz tərcümə edirik:

Cumdu, içdi, xoşhallandı sərin suyun dadından,

Allaha şükür eləmək amma çıxdı yadından.

(Şeirin bütün mahiyyəti bundadır, amma dediyim kimi rusca şükür sözü yoxdur.)

Sudan içdi yanındakı vəfalı eşşəyi də.

O palmanın altı oldu ən yumşaq döşəyi də;

Yorğun yolçu qumlar üstə yuxuya getdi, yatdı.

Allah bilir, başı üstdən neçə il ötdü... yatdı.

Oyananda qulağına bir səs gəldi: “Ey insan,

Xəbərin var bu səhrada neçə vaxtdı yatırsan?!”

“Mən yatanda səhər idi, gün döyürdü hər yanı,

İndi yenə günəş doğub, işıqladır dünyanı.

Dünən səhər tezdən yatıb,

bu gün səhər durmuşam,

Belə çıxır, bütün günü mən yuxuda olmuşam”.

Sonra Allah cavab verir:

Но голос: “О путник, ты долее спал;

Взгляни: лег ты молод, а старцем восстал,

Уж пальма истлела, а кладязь холодный

Иссяк и засохнул в пустыне безводной,

Давно занесенный песками степей;

И кости белеют ослицы твоей”.

Rusca bütün mətni oxumağa ehtiyac yoxdur, tərcüməni sonacan oxuyaq:

O səs dedi: “Dünən nədi, bu gün nədi, ay insan?

Bu səhrada bircə gün yox,

sən yaman çox yatmısan.

Sən yatanda necə idin, indi bax gör necəsən?

Sən yatanda cavan idin, indi ağsaç qocasan.

Bir bax, çoxdan quruyubdu

bu quyunun suyu da.

Quyu hanı? Qum altında itib-batıb quyu da.

Yanıb palma ağacı da, çürüyüb çoxdan bəri,

Eşşəyin də çoxdan ölüb, ağarır sümükləri”.

"Allah, bu nə dərddi?!" deyib

qoca zar-zar ağladı,

Başını köksünə əyib dizini qucaqladı.

Qəfil birdən bir möcüzə baş verdi qumlar üstə;

Eşşəyin ağ sümükləri dikəldi qumlar üstə.

Geyinib öz bədənini yenə dimdik durdu da,

Sevincindən şıllaq atıb bir ağız anqırdı da.

Boş quyu da ağzınacan suyla doldu təzədən,

Yaşıl palma dörd yanına kölgə saldı təzədən.

Damarında qanı coşdu, cavanlaşdı qoca da,

"Şükür" deyib qollarını göyə açdı qoca da:

"Sən qaytardın məni mənə, şükür sənə, İlahi!

Lənət sənə şəkk edənə, şükür sənə, İlahi!"

Və beləcə, ulu Tanrı dərs verdi öz quluna,

Yolçu "şükür" deyə-deyə düzəldi öz yoluna...

Rusca sonuncu misra belədir: “И с богом он дале пускается в путь”.

Mən bunu "yolçu Allahla birgə", "yolçu Allah deyə-deyə" yox, "şükür deyə-deyə" şəklində tərcümə etmişəm.

Burada mahiyyət etibarilə biz həm şəkli vermi­şik, həm də mənanı. Yuxarıda dediyim kimi, biz bu məqamda Puşkindən daha dəqiq olmalıyıq. Çünki bu rəvayət bizim dilimizin stixiyasındadır.

İngilis dilində qafiyəli şeiri qafiyəsiz tərcümə etmək ənənəsindən danışdıq. Əgər şeir doğru­dan da poetik cəhətdən güclüdürsə, lap başdan-ayağa qafiyələnsə belə onu qafiyəsiz tər­cümə etsən də, poetik gücü yenə ortada olacaq. Amma bu, hər şeirə aid deyil. Elə şeir var ki, onun gücü musiqisində, ritm və ahəngindədir. Şairi şairdən fərqləndirən də təkcə məna və məzmun deyil, həm də ritm və ahəngdir. Siz Şekspiri dediniz. Onun bəzi sonetlərinin ruscaya 200-300 tərcüməsi var. Məncə, ən yaxşı tərcümələri Marşak edib. "Hamlet"i rus dilinə Pasternak çevirib və neyləsə də özünü Şekspirin kölgəsində gizlədə bilmir. Bu baxımdan, Pasternakın Şekspiri tərcüməsi ikitərəfli ədəbi tarixi hadisədir.

Pasternak tərcümədə özünə bə­zən sərbəstlik verir. O sərbəstliyi özünə Pasternak verə bilər, hər tərcüməçi yox. Elə şeylər var ki, birə-bir dəqiq olmalıdır. Doğru­dur, vəznli, qafiyəli şeiri mütləq qafiyəli tərcümə etmək qanunu yoxdur. Amma qafiyəsiz tərcümə fikircə nə qədər dəqiq olsa da, orijinalın həm şəkilcə, həm də musiqicə itirməsi deməkdir.

Hər bir xalqın taleyində həlle­dici şairlər var. Məsələn, Puşkin. Rus poeziyası Puşkinə münasibət­də formalaşıb. XX əsrin əvvəlləri­nin rus poeziyası isə Bloka müna­sibətdə formalaşıb. Yəni şairlərin bir çoxu Bloku sevib, onun təsiri altında olub, bir hissəsi onu inkar edib. Svetayeva da çox maraqlı şairədir. Tərcümə etdiyim bu şei­ri Svetayeva Blokun adına yazıb. Bütün şeir o adın səslənməsi və o səslənmənin doğurduğu poetik obrazlar üzərində qurulub.

Şeir belədir:

Имя твое — птица в руке,

Имя твое — льдинка на языке.

Одно-единственное движенье губ.

Имя твое — пять букв.

Мячик, пойманный на лету,

Серебряный бубенец во рту.

Камень, кинутый в тихий пруд,

Всхлипнет так, как тебя зовут.

В легком щелканье ночных копыт

Громкое имя твое гремит.

И назовет его нам в висок

Звонко щелкающий курок.

Имя твое — ах, нельзя! —

Имя твое — поцелуй в глаза,

В нежную стужу недвижных век.

Имя твое — поцелуй в снег.

Ключевой, ледяной, голубой глоток…

С именем твоим — сон глубок.

(İnqilabdan əvvəl Blok adı beş hərfli idi: Блокъ)

Sənin adın – quş kimidi əlimdə,

Sənin adın – buz kimidi dilimdə.

Sənin adın – hərflərin beşidi,

Dodağımın bircə tərpənişidi.

Cingildəyən gümüş zınqırovdumu?

Havadaca tora düşən topdumu.


Sənin adın – bu bahar gecəsində

Çöldən keçən atların nal səsində.

Sakit gölə bir daş atsam bu gecə

Qulağıma sənin adın gələcək.

Gicgahıma güllə sıxsam qəfildən,

Adın qopar şaqqıldayan tətikdən.


Sənin adın – necə deyim, ax, necə?! –

Yuxulu gözdən bir öpüşdü gizlicə.

Sonra çıxıb tez qapını örtməkdi.

Sənin adın – qışda qarı öpməkdi.

Bircə qurtum sərin sudu, sərin su…
Və lap dərin bir yuxudu, bir yuxu.

Əlavə etdiyim yeganə misra "Son­ra çıxıb tez qapını örtməkdi". Bu da həm Blok adının səslənməyinə uy­ğundur, həm də təsvir olunan vəziy­yətə. Yəni xəlvətcə yuxulu gözdən öpdüm və çıxdım. Bircə misra artır­mışıq, o da şeirin öz stixiyasındadır. Mən başqa şairləri də tərcümə etmi­şəm və bütün tərcümələrimdə, onla­rın dəqiqlik dərəcəsindən asılı olma­yaraq həmişə sərbəst olmuşam. Heç nə məni sıxmayıb. Əgər tərcümə etdiyin mətn sənin içində, sən də o mətnin içində deyilsənsə, istər qafiyəli, istər qafiyəsiz tərcümə elə, daxi­lən sərbəst ola bilməyəcəksən.

Mən əvvəllər də demişəm ki, şeiri tərcümə eləmək hansısa bir bədən üzvünü bir canlı orqanizmdən baş­qasına köçürmək kimidir. Əgər sə­nin köçürdüyün bədən üzvü başqa orqanizmdə – dildə yaşamayacaqsa, istəyirsən onu qızıl sapla tik, xeyri yoxdur. Amma, təəssüf ki, tərcümə­çilərin stolları üstündə ölən əsərlərin sayı, cərrahiyyə stollarında ölən xəs­tələrin sayından qətiyyən az deyil.

Amma bir iş də var ki, bəzən şəkilcə ən dəqiq tərcümə belə gül­məli ola bilər. Çünki elə şeirlər var ki, ümumiyyətlə, onları tərcümə etmək mümkün deyil. Məsələn, Əli Kərimin idiomatik ifadələr üs­tündə qurulmuş bu şeiri kimi:

Gözlərim boylanır o yerə sarı,

Gözlərim yol çəkir, çəkir yolları;

Gah hava yolunu, gah su yolunu

Gah maşın yolunu, şosse yolunu.

Şeirin sonluğu belədir:

Yollarla doludur gözümün içi,

Gözümün üstə də yollara yer var.

Bu gözəl şeiri başqa dilə necə tərcümə edəsən? Amma ümumiy­yətlə götürsək, demək olar ki, tər­cümə olunmayan şeir yoxdur. Nə­yi isə tərcümə edə bilmirsənsə, bu dilin yox, sənin gücsüzlüyündür.

Əgər poetik tərcümə orijinala adekvat deyilsə, sətri tərcümə on­dan daha yaxşıdır.

İngilis dilinin öz qaydaları var. Qafiyəli şeir XX əsrin əvvəllərindən bir az arxa plana keçib. Amma Robert Frost qafiyəli yazırdı. O, Amerikada bu gün də ən sevilən şairlərdəndir. Mən hələ gəncliyimdən Allan Ginzberqi çox sevirəm. Amma o tamam fərqlidir. Fransada bu günəcən ən populyar şair olan Şarl Bodlerin şeirlərinin əksəriyyəti vəznli və qafiyəlidir. İngilis dilinə tərcümə bir işdir, Azərbaycan dilinə tərcümə başqa iş. Amma qafiyələndirmək xatirinə qa­fiyə gətirəcəksənsə, bu, lazım deyil. Mən fikrimdə qalıram ki, tərcüməçi həm də yaxşı ədəbiyyatçı olmalıdır. Əgər belə olsa, hətta özünə o qədər doğma olmayan şairləri də uğurla tərcümə eləyə bilər.

Bizdə yaxşı tərcüməçilər də, yaxşı tərcümə əsərləri də olub. Bu gün də var. Amma bu azdır. Dünya ədəbiy­yatını ana dilimizə və bizim ədəbiy­yatımızı dünya dillərinə çevirə bilə­cək istedadlı, cavan tərcüməçilər də yetişdirməliyik. Xoşbəxtlikdən, bunu reallaşdırmağa bu gün bu sahədə uğurlu işlər ortaya qoyan Azərbaycan Tərcümə Mərkəzinin bütün imkanları var. "Aydın yol"

08.01.2024 05:18
1257

(MGID): :
OXŞAR XƏBƏRLƏR