Bakıda fəaliyyət göstərən özəl məktəbəqədər təhsil müəssisələrinin birində xoşagəlməz hal yaşanıb.
Uşaq bağçasının kamera görüntüləri sosial şəbəkələrdə yayılıb. Görüntülərdən aydın olur ki, bağçada fəhlə uşaqlarla birlikdə onların otağında yatıb.
Görüntüləri yayan şəxslərin iddiasına görə, bağçada təmir işləri aparan fəhlələr uşaqlar üçün nəzərdə tutulan yataqda dincəlir, onlarla birlikdə yatırlar.
Panarama.az Oxu.Az-a istinadən bildirir ki, məsələ ilə bağlı danışan uşaq bağçasının rəhbəri Anara Məmmədova görüntülərin bu gün səhər saatlarında qeydə alındığını bildirib. Onun sözlərinə görə, həmin fəhlələr uşaq bağçası ilə eyni həyətdə yerləşən digər tikilidə təmir işləri aparırlar:
“Videoda əks olunan mənim həyat yoldaşım, yanındakı körpə isə qızımdır. Həmin otaqda uşaqlar yatmır, ora oyun otağıdır.
Videodakı digər uşağın valideyni səhər çox erkən saatda, tərbiyəçinin işə başlama saatından tez uşağı servislə bağçaya göndərib. Həyat yoldaşım və qızım gecə bağçada qaldıqlarına görə, həmin otaqda olublar. Uşaq tək qalmasın deyə, tərbiyəçi gələnə qədər yoldaşım onun və qızımızın yanında qalıb.
Valideyn isə görüntüləri izləyəndən bir neçə saat sonra uşağın əmisini göndərərək, onu bağçadan götürüb. Bu hadisədə qanunsuz məqam yoxdur. Qeyd etdiyim kimi, görüntülər bağçanın iş saatı başlamadan öncə qeydə alınıb, videoda əks olunan isə qızım və həyat yoldaşımdır”.