64d9c6891f785202308231537
Xalq artisti Alim Qasımovun 66 yaşı tamam olur

Bu gün Azərbaycanın Xalq artisti, xanəndə Alim Qasımovun doğum günüdür.

Panarama.az  BAKU.WS-ə istinadən xəbər verir ki, onun 66 yaşı tamam olur.

Alim Həmzə oğlu Qasımov 1957-ci il avqustun 14-də Şamaxıda anadan olub. Xanəndə Bakıda muğam məktəbinin ən tanınan və istedadlı müəllimlərindən dərs alıb. 25 yaşında birinci muğam müsabiqəsində müvəffəqiyyət qazanıb. Həmin vaxtlarda muğam sənətinin, xüsusilə də “tarab” janrının araşdırmalarıyla məşğul olub.

A.Qasımov 1999-cu ildə Beynəlxalq IMC YUNESKO Musiqi Mükafatını alıb. Fransa, İngiltərə, Almaniya, Belçika, İspaniya, Braziliya, İran və ABŞ kimi ölkələrdə konsertlərlə çıxış edən xanəndə bütün dünyaya Azərbaycan muğam sənətini tanıdaraq, Azərbaycan mədəniyyətinin dünyaya yayılmasında əhəmiyyətli rol oynayır.

2000-ci ildə "Love's deep ocean" diski "Avropa Dünya Musiqi xəritəsi"ndə 9-cu yeri tutub və 47 Avropa ölkəsinin radiolarında səslənib. 2000-ci ildə Avropa Nadir Səslər assambleyasının üzvü seçilib.

2009-cu ildə Alim Qasımov ABŞ-nin Corctaun Universiteti və mərkəzi İordaniyada yerləşən Strateji Araşdırmalar Mərkəzinin keçirdiyi müsabiqədə dünyanın ən nüfuzlu 500 müsəlmanı arasında 4 azərbaycanlıdan biri olub.

2010-cu ildə Alim Qasımov fransalı DJ David Vendetta ilə "I'm your Goddess" adlı mahnını duet şəklində ifa edib.

2010-cu il martın 17-də ABŞ-nin "The New York Times" qəzetinin jurnalisti Con Pareles Alim Qasımovu "ehtiras və sədaqət, düşüncə və cazibə ilə əlaqələndirən seyrək bir cəhətdən canlı olan ən böyük müğənnilərdən biri" adlandırıb.

2011-ci il iyulun 4-də İslandiya müğənnisi Byork Böyük Britaniyanın "The Guardian" qəzetində nəşr olunan müsahibəsində Alim Qasımovu ən sevdiyi ifaçılar, onun "Azerbaijan: The Art of the Mugham" albomunu ən sevdiyi musiqi albomlar sırasına daxil edib.

2012-ci il mayın 26-da Alim Qasımov Bakıda keçirilən 57-ci Avroviziya Mahnı Müsabiqəsinin final mərhələsində Azərbaycan təmsilçisi Səbinə Babayeva ilə eyni səhnəni paylaşıb.

2015 Avropa Oyunlarının açılış mərasimi Alim Qasımovun canlı muğam ifası ilə başlayıb.

Daha sonra Alim Qasımov Bakı Olimpiya Stadionunda qaranlıqda uçan xalça üzərində muğam oxuyub. 2007-ci il avqust ayında Alim Qasımovun 50 illik yubileyi münasibətilə Natəvan Faiqin "Alim Qasımov fenomeni" adlı kitab işıq üzü görüb

Xalq artisti ailəlidir. Qızı Əməkdar artist Fərqanə Qasımova da xanəndədir.

14.08.2023 10:13
274

(MGID): :
OXŞAR XƏBƏRLƏR