66559ca3cbc6c202405245811
Xalq artisti Habil Əliyevin doğum günüdür

Mayın 28-i ustad kamançaçı, Azərbaycan SSR Xalq artisti Habil Əliyevin doğum günüdür.

Oxu.Az xatırladır ki, Habil Mustafa oğlu Əliyev 1927-ci ildə Ağdaş rayonunun Üçqovaq kəndində anadan olub.

Yeddi yaşında ikən rayon mərkəzindəki 3 saylı yeddiillik Ağdaş musiqi məktəbinə qəbul olub. Elə həmin vaxtdan da meylini kamana salıb. Yeddinci sinfi və həm də musiqi məktəbini bitirəndən sonra pedaqoji məktəbə daxil olub.

Habil Əliyev 1952-ci ildə Bakıya gəlib Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin kamança şöbəsinə daxil olub. Görkəmli tarzən Qurban Pirimovdan və məşhur müğənni Xan Şuşinskidən muğam sənətinin sirlərini öyrənməyə başlayıb.

Habilin ifaçılığı bəstəkar Soltan Hacıbəyovun da diqqətindən yayınmayıb. Bəstəkar Habilin potensial imkanlarını nəzərə alıb, ona filarmoniyada işləməyi məsləhət görüb.

O vaxtlar filarmoniyanın direktoru olan Şəmsi Bədəlbəyli, bədii rəhbər Soltan Hacıbəyov, Niyazi, Səid Rüstəmov Habilin ifasında bir muğama və xalq mahnısına qulaq asıblar və çox razı qalıblar. Beləliklə, Habil Əliyev 1953-cü ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında əvvəlcə rəqs ansamblında müşayiətçi, sonra isə trioda kamançaçı kimi fəaliyyətə başlayıb.

Seyid Şuşinski, Həqiqət Rzayeva, Xan Şuşinski, Zülfü Adıgözəlov, Mütəllim Mütəllimov, Şövkət Ələkbərova, Sara Qədimova, Fatma Mehrəliyeva kimi sənətkarların konsertlərində müşayiətçi olan Habil Əliyev həvəslə onların ölməz irsindən bəhrələnib, daha səylə çalışıb, saatlarla məşqdən yorulmayıb.

Habil "Segah", "Bayatı-Qacar", "Bəstənigar", "Bayatı-Şiraz", "Rahab", "Bayatı-Kürd", "Cahargah", "Rast", "Zabul" muğamlarına yeni kamança həyatı verib. Beləliklə, Habil Əliyev əllinci illərin sonu, altmışıncı illərin əvvəlində mahir kamança ustası kimi formalaşıb el arasında geniş şöhrət tapıb. Habil Əliyevin virtuoz çalğısını musiqi biliciləri tez-tez Nikkolo Paqanininin ifaçılığı ilə müqayisə ediblər.

Habil Əliyev keçmiş SSRİ respublikalarında və eləcə də dünyanın bir çox ölkələrində (Türkiyə, ABŞ, Almaniya, İngiltərə, Fransa, Hindistan, Pakistan, İran, Misir, İsveçrə, Niderland, Tunis, Yaponiya, Suriya, Mozambik və s.) qastrol səfərlərində olub.

Ustad sənətkar virtuoz ifaçılığı ilə yanaşı, gözəl mahnıların da müəllifidir. Onun bəstələdiyi 15-dən artıq mahnı bu gün də tanınmış musiqiçilər tərəfindən sevilə-sevilə ifa olunur. Habil Əliyevin ABŞ, Fransa, Yaponiya, İtaliya və Yunanıstanda Azərbaycan muğamlarından və xalq mahnılarından ibarət kompakt diskləri də buraxılıb.

Habil Əliyev 1954-cü ildə Şərqiyyə xanımla ailə həyatı qurub. Üç qız və bir oğlu olub.

Habil Əliyev 2015-ci il sentyabrın 8-də vəfat edib. I Fəxri xiyabanda dəfn olunub.

Qeyd edək ki, Habil Əliyev 29 iyun 1964-cü ildə "Azərbaycan SSR Əməkdar artisti", 11 yanvar 1978-ci ildə "Azərbaycan SSR Xalq artisti" fəxri adlarına layiq görülüb. 28 may 1997-ci ildə "Şöhrət", 19 oktyabr 2007-ci ildə "İstiqlal" ordenləri ilə təltif olunub. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

28.05.2024 12:56
694

(MGID): :
OXŞAR XƏBƏRLƏR