Azərbaycan və Rusiyanın xarici işlər nazirləri Ceyhun Bayramovla Sergey Lavrov Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün səylərin artırılmasının zəruriliyini təsdiqləyiblər.
Panarama.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
“Regional məsələlərin müzakirəsi kontekstində 2020-2022-ci illərə aid ən yüksək səviyyədə üçtərəfli sazişlər toplusu əsasında Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün səylərin artırılmasının zəruriliyi təsdiqlənib”, - məlumatda bildirilib.
Rusiya XİN bildirib ki, ikitərəfli münasibətlərin aktual məsələlərinə - Rusiya ilə Azərbaycan arasında 22 fevral 2022-ci il tarixli müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin müddəalarının həyata keçirilməsi üzrə gələcək birgə addımlara toxunulub: “Tərəflər qarşılıqlı maraq doğuran bir sıra digər beynəlxalq və regional məsələlər, o cümlədən “Xəzər beşliyi” çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar”.
***11:35
Moskvada Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Rusiya xarici işlər naziri Sergey Lavrov arasında ikitərəfli görüş başlayıb.
Görüşdə iki qonşu ölkə arasında münasibətlər, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi, həmçinin regionda və dünyada cərəyan edən hadisələr müzakirə olunur.
Məlumat üçün əlavə edək ki, bu gün Moskvada Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşü keçiriləcək.