65b27e6eb5ca2202401242950
Yaşar Nurinin xanımından əri ilə bağlı qalmaqala reaksiya: 30 il bundan qabaq gey var idi?

Bəstəkar-müğənni Murad Arifin "YouTube" layihəsi olan "Popumuz var"ın növbəti qonağı aktyor Nofəl Şahlaroğlu açıqlamaları ilə diqqət çəkib.

Onun mərhum Xalq artisti Yaşar Nurinin 1989-cu ildə çəkilən "Qonşu qonşu olsa..." film-tamaşasında Azərbaycanda ilk gey obrazını canlandırdığını iddia etməsi müzakirələrə səbəb oldu.

Panarama.az xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a Xalq artistinin xanımı Rəhimə Nuriyeva danışıb.

O, Nofəl Şahlaroğlunun Yaşar Nurinin yaradıcılığını çox sevdiyini və verilişdə bu haqda danışdığını bildirib: "Verilişdən sözügedən hissəni ötən gündən bəri bir çox şəxs mənə yollayır. Mən bütöv verilişə oturub baxdım. Aktyor Nofəl Şahlaroğlu Yaşarın böyük pərəstişkarlarından biridir, həmişə məni də, qızımı da görəndə ehtiramını saxlayır, bizim hal-əhvalımızla maraqlanır. Sözügedən verilişdə Nofəl yarım saat Yaşarı tərif edir, onu əsrin aktyoru hesab edir. Onun yaradıcılığından bəhs edir, istifadə etdiyi replikaları əzbərdən söyləyir. Hamı bilir ki, Yaşar Nuri qüdrətli sənətkar olub. Onun kölgəsində çox aktyor olub və əlçatmaz insan olub.

Sadəcə məni narahat edən bir mövzu var: Verilişdən həmin hissənin kəsilərək tirajlanması. Jurnalistlər Nofəlin etdiyi təhlilləri deyil, reytinq xatirinə məhz o hissəni yayımlayıblar. Nofəlin dediyi ilk gey obrazı məsələsi nə dərəcədə doğrudur bilmirəm, bəlkə də o da səhvən bu fikirləri işlədib. O vaxt heç gey söhbəti dəbdə deyildi, indi dəbdədir. Bu, hər kəsin şəxsi işidir, kim necə istəyirsə, elə də yaşayır. Biz nə isə deyə bilmərik.

Ruhəngiz Qasımovanın yazdığı "Qonşu qonşu olsa..." ssenarisi mənim stolumun üstündə idi. Yaşar verilən ssenarini ilk mənə gətirirdi, mən oxuyurdum. Mənim rəyimlə razılaşırdı, ona fikirlərim maraqlı idi. Ssenarini oxuyanda da görürsən ki, Yaşarın canlandırdığı həmin obraz xəstə uşaq idi. Bəzən elə uşaqlar olur ki, yönəlimi başqa cür olur, özünü idarə edə bilmir, o da belə uşaq idi. Götürüb ona "gey" adı vermək nə dərəcədə doğrudur? Sənətkardır obrazı yaradıb burada pis nə var ki?

30 il bundan əvvəl olan söhbətdir. Yaşar Nurinin heç bundan xəbəri olmayıb, mən bu işin içindəyəm. Bundan əlavə, Yaşar Nuri bu film-tamaşada 11 fərqli obraz yaratmışdı".

Rəhimə Nuriyeva Yaşar Nuri ilə bağlı məsələlərdə ilk ona müraciət edilməsinin doğru olduğunu bildirib: "Jurnalistlər, sosial şəbəkələrdə çox izləyicili səhifə adminləri gərək diqqətli olsunlar, hər sözü, hər iddianı dəqiqləşdirmədən yazmaq, yayımlamaq olmaz. Ən azından Ruhəngiz Qasımovaya, onun yazdığı ssenariyə hörmət etmək lazım idi. Fikrimcə, bu düzgün deyildi.

30 il bundan qabaq gey var idi? Biri olanda da onu barmaqla göstərirdilər, qaçıb gizlənirdi. Ruhəngiz Qasımova sağ olsaydı, özü də bunun yanlış olduğunu deyərdi. Jurnalistlər Yaşar Nuri haqda, onun ailəsi, keçmişi ilə bağlı nə isə yazanda ilk növbədə mənə müraciət etsinlər. Məlumatın doğruluğunu yalnız mən söyləyə bilərəm. Kimlərinsə iddiasına inanmasınlar, mən hələ ki, sağam və mərhum aktyorun arxivini qoruyub saxlayıram. Yaşar həmişə yaşayıb, yaşayır və yaşayacaq..."

25.01.2024 19:29
7214

(MGID): :
OXŞAR XƏBƏRLƏR