655874bf9a58f202311232431
Yeni müdafiə sənayesi naziri kimdir? - DOSYE

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Vüqar Valeh oğlu Mustafayev Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini vəzifəsindən azad edilib.

Dövlət başçısının digər sərəncamına əsasən, Vüqar Valeh oğlu Mustafayev Azərbaycan Respublikasının müdafiə sənayesi naziri təyin olunub.

Panarama.az oxu.az-a istinadən yeni nazirin dosyesini təqdim edir:

Vüqar Mustafayev 1986-cı ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə bakalavr dərəcəsi üzrə Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Mühəndis iqtisadiyyatı və idarəetmə - Menecment ixtisasına daxil olub, 2008-ci ildə fərqlənmə ilə bitirib. 2010-2013-cü illərdə Xəzər Universitetinin Maliyyə və kredit ixtisası üzrə “Biznesin idarə edilməsi (MBA)” magistr proqramı üzrə məzun olub.

Vüqar Mustafayev bakalavr təhsili dövründə 2006-2008-ci illərdə müxtəlif şirkətlərdə təlim koordinatoru, eləcə də maliyyə və mühasibatlıq üzrə mütəxəssis vəzifələrində fəaliyyət göstərib.

O, 2016-cı ildən etibarən beynəlxalq assosiasiya olan Daxili Auditorlar İnstitutunun üzvü olmaqla yanaşı, “Certified İnternal Auditor (CİA)” - Beynəlxalq Daxili Auditor kvalifikasiyasını əldə edib və 2020-ci ildən beynəlxalq “İBM Data Science Specialization” - Data Elmi üzrə ixtisaslaşmış kvalifikasiyaya sahibdir.

2009-2012-ci illərdə Azərbaycanda fəaliyyət göstərən beynəlxalq audit şirkəti “Ernst & Young CIS B. V” şirkətində baş mütəxəssis olaraq çalışıb. 2012-2014-cü illərdə “Azerfon” MMC-də Daxili Audit Departamentinin Direktoru vəzifəsini icra edib. 2014-cü ildən etibarən “PAŞA Holdinq” MMC və ona aid olan Şirkətlərdə müxtəlif rəhbər vəzifələrində çalışıb.

2014-cü ildə “PAŞA Holdinq” MMC-də İcraçı Direktorun Müşaviri vəzifəsinə təyin olunub. 2014-cü ildən etibarən “PAŞA Sığorta” ASC və “PAŞA Həyat Sığorta” ASC-nin Təftiş Komissiyasının sədri kimi fəaliyyət göstərib. 2021-ci ildə “PAŞA Holdinq” MMC-nin Türkiyədəki nümayəndəliyinin rəhbəri, eyni zamanda mərkəzi ofisi İstanbulda olan “PDT və Gayrımenkul A.Ş.” şirkətinin Müşahidə Şurasının sədri təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 15 mart 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini vəzifəsinə təyin olunub.

Azərbaycan Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının N saylı hərbi hissəsində hərbi xidmətdə olub.

Ailəlidir. İki övladı var.

18.11.2023 12:23
365

(MGID): :
OXŞAR XƏBƏRLƏR