Bu gün Azərbaycan xalqı ən sevimli bayramlarından biri olan Novruz bayramını qeyd edir.
Panarama.az Oxu.az-a istinadən xəbər verir ki, bu il Azərbaycana yaz fəsli martın 20-si saat 13:01:25-də daxil olacaq. Bu zaman gecə ilə gündüz bərabərləşəcək. Günəş ekliptika üzrə hərəkət edərək cənub yarımkürəsindən şimal yarımkürəsinə keçəcək. Həmin andan etibarən şimal yarımkürəsində yaz fəsli başlayacaq.
Yaz fəslinin uzunluğu 92 gün 17 saat 40 dəqiqə 46 saniyə olacaq. Təbiətin əbədi qanunları və kainatın dəyişməz nizamı ilə əlaqədar olan Novruz bayramı gecə ilə gündüzün bərabərləşdiyini xəbər verən ilk bahar günüdür. Novruzun qeyd edilməsi yeni ilin, yazın ilk gününün qarşılanması anlamına gəlir.
Tarixə nəzər salsaq, Novruz bayramının qədim dövrlərdən bəri qeyd edildiyini görərik. Məsələn, Sasanilər dövründə (e.ə. 224-651) Novruz bayramı dövlət səviyyəsində qeyd edilirdi. Hətta Əhəməni şahənşahı I Dara (e.ə. 522-486) Novruz bayramını rəsmi bayram elan etmişdi.
2009-cu il sentyabrın 30-da Novruz bayramı UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Bu, Novruz bayramının beynəlxalq səviyyədə tanınması və qorunması baxımından mühüm addım idi.
Qədim zamanlarda bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayıb, bu münasibətlə şənliklər keçirib, onu yeni ilin başlanğıcı kimi bayram ediblər. Bəzi qədim inanclara görə, kainat dörd ünsürdən - su, od, torpaq və küləkdən yaranıb. Məhz bu səbəbdən də hər il Novruz bayramından əvvəl dörd çərşənbə qeyd olunur.